Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib - FOTOLAR
Cari il 9 yanvarda Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin 2024-cü il üzrə fəaliyyətinə dair Müşahidə Şurasının iclası keçirilib. Giriş sözü ilə çıxış edən Şura sədri Gündüz Kərimov gündəliyi təqdim edib.
QHT.az xəbər verir ki, Mərkəzin İcraçı direktoru Samir Mahmudov ötən il görülən işlər, hüquqi aktların keyfiyyətinin artırılması, normayaratma, hüquqi ekspertiza və dövlət qurumlarının əməkdaşları üçün təlimlərin keçirilməsi barədə məlumat verib. Mərkəz tərəfindən 67 nümayəndə üçün təlimlər keçirilib və 83 hüquqi akt hazırlanıb. Elektron sənəd dövriyyəsi sisteminə keçid, yeni bölmələrin yaradılması və tərcümə edilən sənədlərin təqdim edilməsi vurğulanıb. Həmçinin, Beynəlxalq Qanunvericilik Assosiasiyasına üzvlük, hüquqi tərcümə işləri və sosial şəbəkələrdə aktivlik qeyd edilib. Hüquq və İnsan Haqları İnstitutu da 438 əməkdaş üçün təlimlər keçib və “Heydər Əliyev: cinayətkarlıqla mübarizə” kitabını çap edib.
Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə ötən il ərzində görülmüş işlər və qarşıdakı planlar haqqında ətraflı məlumat verərək, bu müddət ərzində İnstitut tərəfindən Daxili İşlər Nazirliyinin bir sıra polis idarələrində və şöbələrində çalışan 110 polis əməkdaşı, yerli icra hakimiyyətinin orqanlarının 144 əməkdaşı, mərkəzi icra hakimiyyəti orqanlarının 184 əməkdaşına təlimlərin keçirildiyini qeyd edib. Həmçinin, İnstitut tərəfindən hazırlanan virtual kitabxanadan istifadəçilər tərəfindən 480 000-dən çox müxtəlif kontentin əldə edildiyini bildirib.
Müzakirələr nəticəsində Mərkəz və İnstitutun 2024-cü il üzrə fəaliyyətləri qənaətbəxş hesab edilib.
Pərvanə Fərhadqızı