"Televiziyalarda informasiyanın jest dilinə tərcüməsi müsbət addımdır, amma..." - Cəmilə Çingizqızı
"Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyinin rəhbəri Cəmilə Çingizqızı QHT.az-a açıqlamasında Milli Məclisdə jest dili haqqında aparılan müzakirələrin və eşitmə məhdudiyyətli şəxslərin informasiyaya əlçatanlığının təmin edilməsi istiqamətində atılan addımların təqdirəlayiq olduğunu bildirib.
QHT sədrinin sözlərinə görə, televiziya kanallarında işarət dili tərcüməsinin olması müsbət qərardır və bu təşəbbüs alqışlanmalıdır. Bununla belə, bu tələbin uğurla həyata keçirilməsi üçün ən vacib ilkin addım peşəkar mütəxəssislərin hazırlanmasıdır.
"Hazırda televiziyalar bu tələbi necə icra edəcək?" – deyə sual ünvanlayan Cəmilə Çingizqızı mövcud ixtisaslı işarət dili tərcüməçilərinin sayının yetərli olmadığını vurğulayıb. Onun sözlərinə görə, bəzi tədbirlərdə qeyri-peşəkar şəxslər "jest dili tərcüməçisi" kimi təqdim olunur və onların təqdim etdiyi tərcümə eşitmə məhdudiyyətli şəxslər üçün tam anlaşılan olmur. Nəticədə, bu kateqoriyadan olan insanlar öz ana dillərinin qeyri-ciddi şəkildə təqdim olunmasından narahat olurlar.
Cəmilə Çingizqızı fikrincə, informasiya proqramlarının jest dilində tərcüməsi vacibdir, lakin bu prosesin effektiv icrası üçün əvvəlcədən bir sıra addımlar atılmalıdır:
-
Peşəkar jest dili tərcüməçilərinin hazırlanması üçün ixtisaslaşdırılmış kurslar təşkil edilməlidir.
-
Ali və orta ixtisas təhsil müəssisələrində işarət dili tərcüməçiliyi ixtisası açılmalıdır.
-
Beynəlxalq sertifikatlı mütəxəssislər yetişdirilməlidir.
-
İşarət dili üçün rəsmi terminologiya və vahid standart hazırlanmalıdır ki, televiziya kanallarında tərcümə vahid sistem üzrə aparılsın.
-
Bundan sonra texniki imkanlar və hüquqi baza da formalaşdırılmalıdır.
QHT sədri qeyd edib ki, əks halda bu tələb reallıqda tam icra edilə və keyfiyyət baxımından gözlənilən nəticəni verməyə bilər. Bu mövzunun həssaslığını nəzərə alaraq, aidiyyəti qurumların məsələyə ciddi və sistemli yanaşması vacibdir.
Pərvanə Fərhadqızı