Xəbərlər 12.02.2025 16:52 191

İradə Rizazadənin təhsildə boşluqlardan QHT.az-a eksklüziv AÇIQLAMASI

Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə təhsildə mövcud olan boşluqlara dair QHT.az-a özəl açıqlama verib. O, müəllimlərin yalnız təlim yox, həm də tərbiyə məsələləri ilə yaxından məşğul olmasının vacibliyini vurğulayıb.

İradə Rizazadə bildirib ki, müəllimlərin əsas diqqəti repititorluğa yönəldiyi üçün tərbiyə məsələləri ikinci plana keçir:

"Bu gün müəllimlərimizin əməkhaqqı ilə bağlı məsələlər gündəmdədir. Ancaq bu, onların başının repititorluğa daha çox qarışmasına səbəb olur və nəticədə uşaqların tərbiyəsi kənarda qalır. Müəllim həm təlim, həm də tərbiyə ilə məşğul olmalıdır. Hazırda sosial şəbəkələrin təsiri, valideyn nəzarətsizliyi və uşaqların davranış problemləri məktəblərdə ciddi çətinliklər yaradır."

O, qeyd edib ki, qeyri-hökumət təşkilatları bu sahədə mühüm layihələr həyata keçirsə də, Təhsil Nazirliyi və yerli təhsil idarələri bu tədbirlərin məktəblərdə keçirilməsinə mane olur:

"Təhsil müəssisələrində uşaqların tərbiyəsi ilə bağlı spesifik layihələrin həyata keçirilməsi vacibdir. QHT-lərdə bu sahədə təcrübəli pedaqoqlar və mütəxəssislər var. Amma bəzi qurumlar, təhsil idarələri bu cür tədbirlərə icazə vermirlər. Halbuki vətəndaş cəmiyyətinin nümayəndələri məktəblərlə, valideynlərlə və icmalarla daha sıx əlaqədədir və problemləri daha dərindən bilirlər."

İradə Rizazadə dövlət qurumlarını, o cümlədən aidiyyəti qurumları QHT-lərlə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərməyə çağırıb. O, vurğulayıb ki, bu əməkdaşlıq maarifləndirmə işlərinin daha geniş və effektiv şəkildə həyata keçirilməsinə töhfə verəcək. Sonda İradə Rizazadə bildirib ki, təhsil və tərbiyə paralel aparılmalıdır və bunun üçün məktəblərdə QHT-lərin iştirakı ilə xüsusi layihələrin tətbiqi zəruridir.

PS. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı