Xəbərlər 15.05.2025 08:40 87

İradə Rizazadə: "İctimai Şura üzvləri maarifləndirmə prosesində iştirak etməlidir"

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib.

Görüşdə iştirak edən İctimai Şura üzvü İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib ki, Nazirliyin Aparat rəhbəri Fuad Musayev də iştirak edib və İctimai Şura ilə bağlı bir sıra əhəmiyyətli məlumatlar təqdim olunub:

"Görüşdə İctimai Şuraların keyfiyyət göstəriciləri və onların tərkibi ətrafında geniş müzakirələr aparılıb. Tural müəllim çıxışında İctimai Şuraların keyfiyyətindən bəhs etdi. Bildirildi ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında fəaliyyət göstərən İctimai Şuranın tərkibi artıq mütəxəssislərdən ibarətdir. Qeyd olundu ki, İctimai Şuralarda mütləq şəkildə həmin sahəni yaxşı bilən şəxslər və təşkilatlar təmsil olunmalıdır. Çünki bu, çox vacib məqamdır. Təəssüf ki, bəzən heç bir aidiyyəti olmayan şəxslər və ya təşkilatlar da İctimai Şuraya namizədliyini irəli sürürlər. Əvvəlki illərdə İctimai Şura seçkilərində bir sıra problemlər müşahidə olunurdusa, bu gün artıq həmin problemlərin azaldığı düşünülür. Qeyd olundu ki, İctimai Şuralar fəaliyyətlərini daha səmərəli və məqsədyönlü şəkildə təşkil etməlidirlər. Xüsusilə, nazirliyin yanında fəaliyyət göstərən İctimai Şura yeni islahatlar, qəbul edilən qanunlar və Prezidentimizin imzaladığı sərəncamlarla bağlı maarifləndirici fəaliyyət aparmalıdır. Bu məsələlər barədə ictimaiyyəti məlumatlandırmaqda İctimai Şuranın üzərinə ciddi vəzifələr düşür".

İradə Rizazadə əlavə edib ki, tədbirdə qeyd olundu ki, bəzi hallarda İctimai Şura üzvlərinin fəaliyyəti yalnız sosial şəbəkə paylaşımları ilə məhdudlaşır və bu, düzgün yanaşma deyil:

"Qeyd olundu ki, İctimai Şuralar cəmiyyətdə mövcud olan problemləri də müəyyənləşdirib ictimai müzakirələr təşkil etməlidir.  Əsas məqsəd vətəndaşlara məlumat vermək, onları maarifləndirmək olmalıdır. Məsələn, “filan qanun qəbul olunub və bu qanun çərçivəsində belə işlər görüləcək” kimi məlumatlar paylaşılmalıdır. İctimai Şura üzvləri özləri də bu maarifləndirmə prosesində iştirak etməli, işi yalnız tərifə yönəltməməlidirlər".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı