Xəbərlər 13.02.2025 18:20 172

QHT sədri miqrantlar üçün yeni qaydalardan, Rusiya miqrasiya qanunlarında dəyişikliklərdən danışdı

Regional Gender Mərkəzi İctimai Birliyinin sədri, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü, Miqrasiya Əməkdaşlıq Platformasının Rəyasət Heyətinin üzvü Şərqiyyə Dadaşova Rusiyada miqrasiya qanunvericiliyinə edilən dəyişikliklər barədə QHT.az-a açıqlama verib. O bildirib ki, 2024-cü ilin avqustunda "Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında" federal qanuna yeni düzəlişlər edilib:

"Qanuna əsasən, miqrasiya qanunvericiliyinin pozulması səbəbindən əcnəbilərə cərimələrin tətbiqinə də başlanılacaq. Bu qaydalara əməl etməyənlər Rusiyada mənzil və ya avtomobil almaq, kredit üçün banklara müraciət etmək, nikaha daxil olmaq, habelə ölkə ərazisində sərbəst hərəkət hüququndan məhrum olunacaq. Belə ki, Məhkəmə qərarı olmadan ölkədən çıxarıla bilərlər. Rusiya Prezidenti Vladimir Putinin 2024-cü il dekabrın 30-u imzaladığı fərmana əsasən, ölkədə yaşayan qeyri-qanuni miqrantlar 2025-ci il aprelin 30-na qədər ölkədən çıxarılmalıdır. Rusiyanın Daxili İşlər Nazirliyinin məlumatına görə hal-hazırda 500 min Azərbaycanlı yaşayır. Bunlardan 100 min qanunsuz miqrantlardır və yeni qanun bu 100 min qanunsuz miqrantlara şamil olunur".

Şərqiyyə Dadaşova vurğulayıb ki, bu sərt tədbirlər yalnız miqrantları deyil, Rusiyada yaşayan Azərbaycan əsilli vətəndaşları da narahat edir. "Rusiya Dumasında hakim partiyanın nümayəndələri tərəfindən açıq şəkildə Azərbaycanlıları ölkədən çıxarmaq çağırışı səsləndirilib. Bundan əlavə, qayda pozan miqrantlar səfərbərliyə cəlb edilə bilər və onların valideynləri də cərimələnəcək," – deyə o bildirib.

QHT sədrinin fikrincə diaspora təşkilatları miqrantları məlumatlandırmalı və mümkün qədər miqrantlar qaydalara əməl etməlidir:

"Sənədləri qaydasına qoymaq lazımdır. Ümid edirəm ki, tezlklə vəziyyət normallaşacaq. Bu vəziyyət nə Rusiyaya nə də bizə yaxşı nəsə vəd etmir. Rusiya iqtisadiyyatına məfi təsirini göstərəcək, işçi qüvvəsi azalacaq. Biz də isə işsizlərin sayı artacaq".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı