QHT sədri Xankəndidə yeni infrastruktur və köç prosesinə hazırlıqdan QHT.az-a danışdı
Xankəndi Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva QHT.az-a açıqlamasında bildirib ki, Xankəndidə genişmiqyaslı yenidənqurma işləri aparılır.
Onun sözlərinə görə, yeni evlərin tikintisi, köhnə binaların tam sökülərək yeniləri ilə əvəz olunması prosesi davam edir, 60-80-ci illərdə tikilmiş binaların yerində müasir yaşayış komplekslərinin inşası nəzərdə tutulub:
"Prezident İlham Əliyevin Xankəndiyə son səfəri zamanı şəhərin inkişafına dair mühüm layihələr təqdim olunub. Şəhərdə yeni iş yerləri açılır, məktəblər və istirahət parkları yenilənir. Dağıdılmış istirahət mərkəzlərinin bərpası, eləcə də yeni sosial obyektlərin inşası sürətlə gedir. Eyni zamanda, Xankəndinin Ağdam və Şuşa ilə yol əlaqələrinin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Yeni yollar çəkilir, dağlıq ərazilərdə dolama yollar genişləndirilir. Qarqar çayı boyunca geniş enli yolların inşası aparılır".
Xatirə Vəliyeva həmçinin qeyd edib ki, Xankəndidə yaxın gələcəkdə məcburi köçkünlərin qayıdışı üçün hazırlıq işləri sürətləndirilib. O bildirib ki, Laçın, Cəbrayıl, Şuşa və Xocalıda olduğu kimi, tezliklə Xankəndiyə də köç prosesi başlayacaq.
“Ali Baş Komandanın çaldığı Zəfər hər bir sahədə özünü göstərir. Xankəndinin tam bərpası və inkişafı istiqamətində görülən işlər bizi sevindirir. Yeni tikilən infrastruktur, yaradılan iş yerləri və müasir yaşayış məntəqələri şəhərin dirçəlişini təmin edəcək,” – deyə o vurğulayıb.
Pərvanə Fərhadqızı
QHT.az