Deputat: "İşləyən pensiyaçıların maaşı bu il iki dəfə arta bilər"
Deputat Vüqar Bayramovun sözlərinə görə, 2025-ci ilin yanvarın 1-dən etibarən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb və bu aydan etibarən ən aşağı pensiya 320 manatdır.
"İşləyən pensiyaçıların maaş artımı isə iki mərhələdə baş verə bilər. Birincisi, onların pensiyası yanvarın 1-dən indeksasiya edilərək 8.1 faiz artırılır. İkincisi, əgər vətəndaşın pensiya təyin olunduqdan sonra 6 il iş stajı tamamlanıbsa, onun pensiyası yenidən hesablanır. Mövcud qanunvericiliyə əsasən, 6 il işlədikdən sonra fərdi hesabda toplanan pensiya kapitalı 72-yə bölünərək pensiyaya əlavə olunur. Məsələn, 2019-cu ilin fevralında 700 manat pensiya təyin edilən və işləməyə davam edən vətəndaşın pensiya məbləği 2025-ci ilin fevralında yenidən hesablanaraq 1106.7 manata yüksəlir".
Deputat həmçinin bildirib ki, işləyən pensiyaçılar həm indeksasiya artımından, həm də yenidən hesablanma nəticəsində pensiyalarında artımdan faydalana bilərlər.
Pərvanə Fərhadqızı