Xəbərlər 26.02.2025 15:11 192

Zenfira Mustafayeva: "Arzum odur ki, Xocalının mərkəzində elə bir monument ucaldılsın ki..."

Xocalı faciəsinin 33-cü ildönümündə Azərbaycan xalqı yenidən bu dəhşətli qətliamı xatırlayır. 26 fevral 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı soyqırımı XX əsrin ən ağır insanlıq faciələrindən biri kimi tarixə düşüb.

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib ki, Xocalı soyqırımı tarixin unutmadığı ən dəhşətli vəhşiliklərdən biridir:

"Bu gün Xocalı soyqırımından 33 il ötür. Bu faciə xüsusi amansızlığı ilə seçilir. Dünya tarixində belə qətliamlar çox az olub və tarix bu vəhşilikləri unutmur. Biz də daim Xocalı faciəsini qəlbimizdə, yaddaşımızda saxlayırıq. Şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində şanlı, igid oğullarımız Xocalını azad etdilər və hazırda şəhərdə həyat yenidən canlanır."

Zenfira Mustafayeva Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində aparılan işləri də yüksək qiymətləndirib:

"İllərdir ki, Xocalıda baş verən vəhşilikləri bütün dünyanın diqqətinə çatdırmaq üçün gənclərimizin böyük əməyi var. Bu mövzuda filmlər çəkilib, rəsm və foto sərgiləri təşkil olunub, əsərlər yazılıb, səhnələşdirilib. Bu təbliğat hələ də davam edir və gənclərimizin bu işdə rolu böyükdür. Ancaq hələ də görəcəyimiz çox iş var. Televiziyalarda, kino zallarında, sərgi salonlarında, məktəblərdə tez-tez görüşlər və təqdimatlar keçirilməlidir."

QHT sədri Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün xüsusi bir abidənin qurulmasını da təklif edib:

"Arzum odur ki, Xocalının mərkəzində elə bir monument ucaldılsın ki, onu ermənilər uzaqdan görə bilsin və Xocalı soyqırımını heç vaxt unutmasınlar!"

O, Xocalı faciəsinin unutdurulmaması və beynəlxalq aləmdə tanıdılması istiqamətində mübarizənin davam edəcəyini vurğulayıb.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı