Xəbərlər 07.07.2025 16:10 139

Ayaz Hüseynov: “Genetik laboratoriyaların sayı artırılmalıdır”

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının idarə heyətinin sədri Ayaz Hüseynov qohum nikahlarının qadağan edilməsinə dair qanunvericilikdə nəzərdə tutulan dəyişiklikləri QHT.az-a şərh edib.

Ayaz Hüseynovun sözlərinə görə, bu hüquqi addım ağır genetik xəstəliklərin yayılmasının qarşısını almaq baxımından mühüm əhəmiyyət kəsb edir:

“Xüsusilə qeyd etmək istəyirəm ki, qanunvericilikdə bu dəyişiklik – yəni qohum nikahlarının qadağan olunması – bir çox ağır genetik xəstəliklərin qarşısının alınmasına imkan verəcək və genetik xəstəliklərlə dünyaya gələn uşaqların sayını əhəmiyyətli dərəcədə azaldacaq. Bu da birbaşa olaraq xalqımızın genofonduna müsbət təsir göstərəcək.”

Bununla yanaşı, o bildirib ki, genetik xəstəliklərin daşıyıcılarının müəyyənləşdirilməsi və nəzarətdə saxlanılması üçün ölkədə genetik laboratoriyaların inkişafı və sayının artırılması vacibdir.

“Xüsusilə risk qrupunda olan vətəndaşlar – yəni ailəsində ağır irsi genetik xəstəlik olan şəxslər – istər uşaq, istərsə də böyüklər – mütləq genetik analizdən keçməlidirlər. Çünki bu cür hallarda həmin şəxslərin yaxın qohumlarında da genetik daşıyıcılıq ehtimalı yüksəkdir.”

Ayaz Hüseynov əlavə edib ki, ölkədə laborator infrastrukturun gücləndirilməsi və daşıyıcılıq riski olan şəxslərin zamanında aşkarlanması, qanunvericilikdə edilən dəyişikliklərin real və uzunmüddətli faydasını artıracaq.

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı