Xəbərlər 12.05.2025 07:45 39

“Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsi çərçivəsində ilk tədbir keçirilib - FOTOLAR

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” layihəsi çərçivəsində ilk tədbir Quba rayonunun dəniz səviyyəsindən 582 metr yüksəklikdə yerləşən Aspərəsti kəndində təşkil olunub.

QHT.az xəbər verir ki, Quba rayonu Aspərəsti kənd tam orta ümumtəhsil məktəbinin akt zalında keçirilən tədbirdə Quba rayonunun Aspərəsti, Zərqava, İsnov, Kələnov və Gədikqışlaq kəndlərindən olan 30 nəfər yeniyetmə və gənc müəllim 6 komanda tərkibində Nə? Harada? Nə zaman? oyunu üzrə intellektual turnirdə mübarizə aparıb.

Tədbirin açılış mərasimində çıxış edən layihə rəhbəri, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov layihənin icra edilməsində əsas məqsədin Vətən müharibəsinin, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarının təbliği, eyni zamanda Qarabağ tarixinin, ədəbiyyatının, incəsənətinin, musiqisinin, görkəmli şəxsiyyətlərinin, Qarabağda aparılan abadlıq-quruculuq işlərinin intellektual oyunlar vasitəsilə  yeniyetmə və gənclər arasında təbliği, yeniyetmə və gənclərdə komandada işləmək, qərarvermə bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin inkişaf etdirilməsinə dəstək vermək, onların asudə vaxtlarının səmərəli təşkil edilməsini təmin etməkdir.

Bir dövrəli dairəvi sistem üzrə keçirilən turnirdə qalib adını Kələnov kəndini təmsil edən “İstiqlal” komandası qazanıb. Aspərəsti kəndini təmsil edən “Zirvə” və İsnov kəndini təmsil edən “Uğur” komandaları yarışda müvafiq olaraq ikinci və üçüncü yerləri tutaraq final mərhələsində oynamaq hüququ əldə ediblər. Qalib və mükafatçılar müvafiq olaraq kubok, medal, diplom və bədii ədəbiyyat nümunəli kitablarla təltif edilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan “Şəhidlərin qəhrəmanlıqlarının təbliği” adlı layihə çərçivəsində Quba rayonunun daha 5 kənd zonasında seçim turları keçiriləcəkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı