Külək enerjisindən istifadənin tarixi çox qədimdir. Qədim zamanlarda insanlar külək və su dəyirmanlarından istifadə etməklə dən üyüdürdülər. Tarixi mənbələrin verdiyi məlumata görə, dünyada ilk dəyirmanlar Çində və Misirdə mövcud olmuşdur. Azərbaycan dastanlarını oxuyarkən külək və su dəyirmanlarının qədim dövrlərdən başlayaraq ölkəmizin ərazisində istifadə olunduğu məlum olur. Belə qənaətə gəlmək olar ki, bizim üçün tanış olan bu sahəni tezliklə inkişaf etdirə bilərik.

Vətənimizdə yel dəyirmanları orta əsrlərdən başlayaraq aran rayonlarında, xüsusən də Abşeron yarımadasında geniş yayılmışdı. Bu gün ölkəmizdə külək enerjisinin ehtiyatı 800 MVt-a bərabərdir ki, bu da il ərzində 2,4 mlrd. kVt/saat elektrik enerjisi istehsal etməyə imkan verir.

Prezident İlham Əliyev alternativ enerji ilə bağlı çıxışında «Planlarımız imzalanmış müqavilələrə əsaslanır», – qeyd edib. Enerji kabellərinin Azərbaycandan Avropaya, Qara dənizin dibi ilə gedən enerji kabelləri və Mərkəzi Asiyadan ölkəmizə gələn enerji kabellərinin üzərində işlənməsi ideyası da cənab Prezidentə məxsusdur.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında çıxışı zamanı İlham Əliyev qeyd edib ki: «Bu layihələr reallaşacağı zaman onlar çox dayanıqlı olacaq və deyərdim ki, bir çox ölkələrin enerji dəhlizləri üçün ekzistensial əhəmiyyət kəsb edəcək. Alternativ enerji ilə bağlı planlarımız artıq imzalanmış müqavilələrə əsaslanır», – deyə dövlətimizin başçısı vurğulayıb.

Təbii enerji mənbələri ilə bağlı strateji hədəfimiz 2030-cu ilə qədər ümumi enerji balansında bərpa olunan enerjinin payını 30 faizə çatdırmaqdır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında ölkəmiz könüllülük prinsipləri əsasında 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmağı öhdəlik kimi üzərinə götürüb.

Məlumat üçün bildirək ki, ölkəmizin quruda 135 QVt+, dənizdə isə 157 QVt+ yaşıl enerji texniki potensialı mövcuddur.

Alternativ enerji ekoloji baxımdan təbii enerji olmaqla, havaya, torpağa, suya, ümumilikdə canlılar aləminə tam təhlükəsiz təbii sərvət olması onun ən böyük üstünlüyü saymaq olar.

Ağır neft məhsulları, yağ, mazutla işləyən istilik elektrik stansiyalarında, Mingəçevir şəhərində yerləşən Azərbaycan İstilik Elektrik Stansiyasında hər il minlərlə ton neft məhsulundan istifadə olunur. Bir tərəfdən, belə enerji istehsalı dövlətə alternativ enerji ilə müqayisədə çox baha başa gəlir. Digər tərəfdən, mazut və yağla işləyən elektrik stansiyaları atmosferə zərərli qazlar – karbon, kükürd və azot birləşmələri buraxaraq ətraf mühitə və insanların sağlamlığına təhlükə yaradır.

Belə getsə, yaxın gələcəkdə Mingəçevir Elektrik Stansiyası öz yerini alternativ enerji mənbələrinə verəcək ki, bu da əllinci illərdə Samux rayonunun ərazisində on minlərlə hektar «tuğay» meşəsinin məhvinə səbəb olmuş Mingəçevir dənizinin əhəmiyyətini itirməsinə səbəb olacaq.

Əsrin əvvəllərində ölkəmizin meşə fondunun 30 faizini təşkil edən «tuğay» meşələri bu gün məlum səbəbdən 2,5 faizini təşkil edir.

Bunu bir xəyal kimi düşünənlərə demək istəyirəm ki, elmin, texnikanın sürətli inkişafı bu gün xəyal kimi qəbul etdiklərimizi sabah gerçəkləşdirəcək. Yaşadığımız XXI əsrdə cəmiyyət nə qədər inkişaf etsə də, sonda təbiətin qələbə çalması şübhə doğurmur. Təbiətin nəhəng ayaq səsləri artıq eşidilməkdədir!

«Mühit» Ekoloji MİB-nin sədri Əzizağa Hünbətəliyev