Son statistik göstəricilər əhalinin istehlak davranışında diqqətçəkən dəyişikliklərin olduğunu göstərir.
2026-cı ilin yanvar–avqust aylarında Azərbaycanda pərakəndə ticarət real ifadədə 3,9% artıb. Amma əsas məsələ ümumi artım deyil, xərclərin hansı istiqamətlərə yönəlməsidir.
Ərzaq, içki və tütün məhsullarının satışında real artım cəmi 1,4%, qeyri-ərzaq mallarında isə 6,9% olub.
Ən maraqlı göstəricilər isə bunlardır:
Kompüter və telekommunikasiya avadanlıqları – +33,4%
Əczaçılıq məhsulları və tibbi ləvazimatlar – +21,6%
Elektrik malları və mebel – +8,9%
Geyim və ayaqqabı – +4,3%
Adambaşına aylıq pərakəndə ticarət xərci orta hesabla 538,6 manat təşkil edib. Bunun 293,1 manatı ərzaq, içki və tütünə, 245,5 manatı isə qeyri-ərzaq məhsullarına xərclənib.
Digər tərəfdən, əhalinin nominal gəlirləri 9,4%, orta əməkhaqqı 7,2% artdığı halda, ümumi inflyasiya 5,7%, ərzaq inflyasiyası isə 6,9% təşkil edib.
Məncə, burada iki məqam xüsusilə düşündürücüdür.
Birincisi, texnologiyaya xərclərin 33%-dən çox artması rəqəmsallaşmanın artıq ailələrin istehlak səbətini də dəyişdirdiyini göstərir.
İkincisi və daha vacibi, dərman və tibbi məhsulların satışındakı 21,6%-lik artımdır. Bu artımın nə qədərinin istehlakın çoxalması, nə qədərinin isə qiymət amili ilə bağlı olması ayrıca araşdırılmalıdır.
Nəticədə istehlak artır, amma əsas sual dəyişmir:
Biz daha çox qazandığımız üçün daha çox xərcləyirik, yoxsa daha çox xərcləməyə məcbur olduğumuz üçün?
Məncə, bugünkü ailə büdcəsini qiymətləndirərkən əsas suallardan biri məhz budur.
İqtisadçı-ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli






