Artıq 2027-ci ilin dövlət büdcəsinin hazırlanması aktiv mərhələyə daxil olub. Sentyabrın 11-də İqtisadi Şurada 2027-ci ilin dövlət və icmal büdcəsinin ilkin layihələri, eləcə də 2027–2030-cu illər üçün büdcə siyasətinin əsas hədəfləri müzakirə edilib.
Məncə, gələn ilin büdcəsinin əsas fərqi yalnız “nə qədər vəsait xərcləyəcəyik?” sualında deyil, “xərclədiyimiz hər manat iqtisadiyyata nə qədər əlavə dəyər yaradacaq?” sualında olmalıdır.
Son dövrdə iqtisadi artım tempinin zəifləməsi göstərir ki, dövlət xərclərinin iqtisadi artıma təsirini daha ciddi qiymətləndirməliyik. Büdcə vəsaitləri yalnız cari xərclərin maliyyələşdirilməsinə deyil, yeni iş yerləri, özəl investisiya, ixrac və vergi gəlirləri yaradan layihələrə daha çox yönəlməlidir.
İkinci vacib məsələ sosial istiqamətdir. İnflyasiya şəraitində əhalinin real gəlirlərinin qorunması, əməkhaqqı, pensiya və sosial ödənişlərin alıcılıq qabiliyyətinin saxlanılması 2027-ci ilin büdcə siyasətinin mühüm vəzifələrindən biri olmalıdır.
Üçüncü istiqamət Böyük Qayıdışdır. 2020–2026-cı illərdə azad edilmiş ərazilərin bərpasına dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb və hazırda Böyük Qayıdış üzrə II Dövlət Proqramı hazırlanır. Növbəti mərhələdə həmin ərazilərdə dövlət investisiyaları ilə yanaşı, özəl biznesin, istehsalın və daimi məşğulluğun payının artırılması xüsusilə vacibdir.
Nəhayət, əsas məsələ neft gəlirlərindən asılılığın tədricən azaldılmasıdır. 2027-ci ilin büdcəsi qeyri-neft sektorunun böyüməsini sadəcə maliyyələşdirən deyil, onu stimullaşdıran büdcə olmalıdır.
Yəni 2027-ci il üçün əsas prinsip belə olmalıdır: daha çox xərcləmək deyil, daha səmərəli xərcləmək. Hər büdcə manatı mümkün qədər yeni iqtisadi dəyər yaratmalıdır.
İqtisadçı-ekspert, Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Eyyub Kərimli






