Meşə sadəcə ağaclarlardan ibarət yaşıllıq sahəsi deyil. Meşə nəfəsdir, su mənbəyidir, torpagın dayağıdır, canlılar və sağlamlıq mənbəyidir. Bir ağacın gölgəsində bəzən bütöv bir ekosistem yatır. Buna görə də meşəni qorumaq əslində hər bir insanın öz gələcəyini qorumasıdır.

Dünyanın müxtəlif ölkələrində nəhəng meşələr var. Rusiyanın, Kanadanın və Braziliyanın meşə sahələri az qala planetimizin əlli faiz meşə fondunu təşkil edir. Amozon meşələri isə Cənubi Amerikanın böyük hissəsini yaşıllığa qərq edib. Konqo hövzəsinin tropik meşələri planetin ən mühüm təbii sərvətlərindən hesab olunur. Bu meşələr göz işlədikcə uzanan ucsuz bucaqsız geniş sahələri ilə heyrət doğurur.

Azərbaycan meşələrini qeyd etdiyim meşələrlə müqayisə etsək bir çox üstünlüklərə malik olduğumuz üzə çıxar. Ölkəmiz kiçik əraziyə malik olsada, müxtəlif iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşir və buna görə meşələrimiz böyük bioloji müxtəlifliyə malikdir. Azərbaycan meşələrində şərq fıstığı, palıd, təkcə bu iki qiymətli ağac növü az qala meşə fondumuzun altmış faizini təşkil edir. Vələs, cökə, ağcaqayın, qaraçöhrə ilə bərabər meşələrimizdə 107 ağac növünə rast gəlinir. Xüsusilə Böyük və kiçik Qafqazın meşələri, Talış meşələri özünə məxsus təbiəti və bitki zənginliyi ilə seçilir. Talış bölgəsində Hirkan meşələrinin qədim ağac növləri isə Azərbaycanın təbiət xəzinəsinin ən qiymətli nümunələrindəndir.

Dünyanın bir çox ölkələrində bəzi ağaclar öz möhtəşəm ölçüləri ilə tanınır. Kaliforniyada nəhəng (sekvoyalar hündürlüyü 60-bəzən 90 metrə çatır), yüzlərlə il yaşayır və dünyanın ən böyük ağacları arasında yer alır. Avstraliyada (evkaliptlər 25 metr hündürlüyünə) çatır. Tropik ölkələrdə müxtəlif palma, (mahoganyhündürlüyü 30-40 metrə çatır) və digər qiymətli ağac növləri geniş yayılıb.

Bəs bizim meşələrimizin üstünlüyü nədədir? Azərbaycan meşələrinin əsas sərvəti onun flora və fauna müxtəlifliyi, iqlimi və coğrafi mövqeyi ilə bərabər bir çox nadir canlı növləri üçün yaşayış məkanı olmasındadır. Gözümüzün qarşısında Hirkan meşələri canlanır. Bu meşələr milyonlarla il əvvəl daha geniş ərazilərdə yayılmış qədim meşə ekosistemlərinin izlərini qoruyub saxlayır. Burada relikt və nadir ağac növlərinə rast gəlinir. Hamımızın tanıdığı məhşur dəmirağacı, azat ağacı, şabalıdyarpaq palıd kimi növləri bu meşənin incilərindəndir.

Xüsusilə dəmirağacı Azərbaycan təbiətinin simvollarından biri sayıla bilər. Çox möhkəm və ağır oduncağa malik bu ağacın adı da məhz onun keyfiyyət xüsusiyyətlərinə görədir. Belə ağacların qorunması minilliklər ərzində formalaşmış təbii irsin qorunmasıdır. Azərbaycan meşələri həm də su ehtiyatlarının qorunmasında böyük rol oynayır.

Meşə örtüyü ağaclar yağıntıların torpağa hopmasına kömək edir, eroziyanı azaldır, çayların su rejiminin tənzimlənməsində iştirak edir. Meşə məhv olduqda isə torpaq yuyulur, sürüşmələr və sel təhlükəsi artır, su ehtiyatları azalır. Bu gün dünyanın bir çox ölkələrində meşələrin qanunsuz kəsilməsi ilə bağlı xoşa gəlməz hallar mövcuddur.

Son illər ölkəmizdə qanunsuz olaraq meşələrin kəsilməsi hallarına rast gəlinmir desək səhv etmərik. Rayon və kəndlərimizin qazla təmin olunması meşələrimizin canlanmasına səbəb olub. Yay aylarında meşə ilə örtürlmüş rayon və kəndlərimizə səyayət edərkən meşələrimizin ildən-ilə artan xətlə inkişaf etməsini hər birimiz görüb hissi etmişik. Meşə bizə ulu babalarımızdan qalan bir əmanətdir, bu müqəddəs əmanəti biz qoruyub gələcək nəsillərə çatdırmalıyıq. Meşəni qorumaq tək təbiətin deyil, insanın öz həyatını qoruması deməkdir..

“Mühit”Ekoloji MİB-nin sədri: Əzizağa Hünbətəliyev