Dövlət Statistika Komitəsinin açıqladığı son göstəricilər ölkə iqtisadiyyatında müsbət dinamika ilə yanaşı, əhalinin real alıcılıq qabiliyyəti baxımından müəyyən risklərin də qaldığını göstərir.

Mövzu ilə bağlı QHT.az-a açıqlama verən İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı Əyyub Kərimli bildirib ki, 2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqı 7,2 faiz artaraq 1 176,7 manata çatıb. Yanvar–avqust aylarında inflyasiya isə 5,7 faiz təşkil edib:

İlk baxışdan müsbət mənzərədir: əməkhaqqının nominal artımı inflyasiyanı üstələyir. Sadə hesablama ilə real əməkhaqqında təxminən 1,4%-lik artımdan danışmaq mümkündür.

Amma məsələnin başqa tərəfi var.

Əhalinin gündəlik büdcəsində ən böyük payı tutan ərzaq məhsullarında qiymət artımı 6,9%, avqust ayında isə illik ərzaq inflyasiyası artıq 7,2% olub. Bu səbəbdən orta statistik göstəricidə gəlirlər qiymətlərdən daha sürətli artsa da, xüsusilə aşağı və orta gəlirli ailələrin real alıcılıq qabiliyyətində bu artım o qədər də hiss olunmaya bilər.

Digər diqqətçəkən göstərici əmək bazarıdır. Avqustun 1-nə ölkədə muzdla çalışanların sayı 1 milyon 781,1 min nəfərdir. Onların 836,9 mini dövlət, 944,2 mini isə qeyri-dövlət sektorunda çalışır.Yəni son bir ildə:
— dövlət sektorunda muzdla çalışanların sayı 21,2 min nəfər və ya 2,5% azalıb;
— qeyri-dövlət sektorunda isə 33,9 min nəfər və ya 3,7% artıb.
Məncə, bu, əmək bazarında gedən mühüm struktur dəyişikliyidir. Yeni muzdlu məşğulluğun əsas mənbəyi getdikcə özəl sektor olur. Bu tendensiyanın davam etməsi iqtisadiyyat üçün müsbət haldır, çünki dayanıqlı məşğulluğun əsas yükünü uzunmüddətli perspektivdə dövlət deyil, məhz özəl sektor daşımalıdır.

Xarici ticarətdə isə 7 ayda dövriyyə 30 milyard dolları keçib və 10,26 milyard dollarlıq müsbət saldo yaranıb. Lakin xarici ticarət dövriyyəsinin nominal olaraq 6,9% artmasına baxmayaraq, real ifadədə 15,1% azalması ayrıca diqqət tələb edən məqamdır.

Fikrimcə, hazırda iqtisadi siyasətin əsas hədəflərindən biri nominal göstəricilərin artımından daha çox əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin davamlı yüksəldilməsi olmalıdır.

Çünki insan üçün əsas iqtisadi göstərici maaşının neçə faiz artması deyil, həmin maaşla ötən illə müqayisədə nə qədər çox mal və xidmət ala bilməsidir.