Şahzadə Diananın kral protokolunu pozaraq böyük populyar mədəniyyət hadisəsinə çevirdiyi məşhur “intiqam libası” təxminən 30 ildən sonra ilk dəfə satışa çıxarılır.

QHT.az xarici mediaya istinadən bildirir ki, yunanıstanlı dizayner Kristina Stambolianın hazırladığı qara, bədənə kip oturan gecə libası bu ay Londonda nümayiş etdiriləcək. Daha sonra Honq-Konq və Cenevrəyə aparılacaq, dekabrın 9-da isə Nyu-Yorkda keçiriləcək hərracda satışa çıxarılacaq. Libasın 300 min dollara qədər qiymətə satılacağı gözlənilir.

Diana bu libası 29 iyun 1994-cü ildə, keçmiş həyat yoldaşı, hazırkı kral III Çarlzın ITN telekanalına verdiyi müsahibədə ona xəyanət etdiyini etiraf etdiyi gün geyinib. Həmin etirafdan bir neçə gün əvvəl məsələ Britaniya mətbuatına sızmış və müsahibəni ölkə üzrə 13 milyon insan izləyib.

Buna baxmayaraq, Diana həmin axşam Londondakı Serpentine Gallery-də keçirilən ziyafətə çiyinləri açıq qara ipək libasla qatılıb. Qara ayaqqabı və çanta, qırmızı dırnaqlar, həmçinin almaz və sapfir broşdan hazırlanmış boyunbağı ilə görünüşünü tamamlayıb.

Sotheby’s-in moda və çanta departamentinin rəhbəri Morgane Halimi bildirib ki, Diana modanı sözlərin kifayət etmədiyi zaman bir dil kimi istifadə etməyi instinktiv şəkildə anlayırdı. Onun sözlərinə görə, şahzadə bu libası həyatının ən emosional və diqqətlə izlənilən dövrlərindən birində özünəinam və müstəqillik mesajına çevirib.

Stambolianın dizaynı 1926-cı ildə Koko Şanel tərəfindən məşhurlaşdırılan “kiçik qara libas” üslubunun bir versiyasıdır. Diana libası üç il ərzində qarderobunda saxlamışdı, çünki onu “çox cəsarətli” hesab edirdi.

Diananın stilisti Anna Harvinin sözlərinə görə, şahzadə həmin axşam “milyon dollarlıq görünmək” istəyirdi. Libas sonuncu dəfə 1997-ci ilin iyununda, Diananın xeyriyyə məqsədilə 79 libasını hərraca çıxardığı zaman satılıb. Hərracdan əldə olunan vəsait döş xərçəngi və QİÇS xeyriyyə təşkilatlarına yönəldilib.

1997-ci ildə libası alan anonim şəxs bildirib ki, Diana həyatının ən çətin gecələrindən birinə bu libasla daxil olsa da, onun görünüşündən bunu hiss etmək mümkün deyildi. Onun sözlərinə görə, libas fotoşəkillər çəkildiyi an adi kokteyl geyimindən güclü bir bəyanata çevrilib.

Libasla birlikdə 1997-ci il hərracının nadir kataloq nüsxəsi də satılacaq. Kataloqda satışın dizaynının şahzadə Uilyama aid olduğu qeyd edilir və sənəd Diana ilə dizayner tərəfindən imzalanıb.

Libas 18–24 sentyabr tarixlərində Londondakı Sotheby’s-də nümayiş etdiriləcək. Daha sonra 1–15 oktyabrda Honq-Konqda, 6–11 noyabrda Cenevrədə və 2 dekabrdan etibarən Nyu-Yorkda sərgilənəcək. Satışdan əldə olunan gəlirin bir hissəsi NHS Lothian Charity səhiyyə xeyriyyə təşkilatına bağışlanacaq.

Zəhra Mansırova