"Mövcud təmizləmə metodları və texnologiyaları nəzərə alındıqda, indiki sürətlə mina təmizləmə prosesinin qarşıdakı 25-30 il ərzində davam etməsi mümkündür. Azərbaycan mina təmizləmə aksiyasını, yəni humanitar minatəmizləmə fəaliyyətini insanların təhlükəsiz şəraitdə yaşaması və məskunlaşması məqsədilə həyata keçirir. Ən çox çirklənmiş ərazilərdən biri isə keçmiş təmas xəttidir".

Bu fikirləri Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin (AMZA) sədri Rey Kərimoğlu QHT.az-a açıqlamasında bildirib.

R.Kərimoğlunun sözlərinə görə, təmas xəttində mina çirklənməsi yüksək səviyyədədir:

“Təxminən 200 kilometr uzunluğunda olan ərazinin bəzi hissələrində yüksək səviyyədə mina çirklənməsi mövcuddur. Elə ərazilər var ki, bir kvadratmetrə 7-8 mina düşür. Bu ərazilərin təmizlənməsi uzun zaman tələb edir”.

Rey Kərimoğlu bildirib ki, əhalinin köçürülməsi üçün zəruri olan ərazilər tam təmizləndikdən sonra təmizlənmə prosesi uzun çəkməyəcək.

Onun sözlərinə görə, bundan sonra təxminən 200 kilometr uzunluğunda olan təmas xəttinin ərazisinin təmizlənməsinə başlanacaq:

"Həmin ərazilərin təmizlənməsi daha çox vaxt aparacaq. Əhalinin köçürülməsi, məskunlaşması və yaşaması üçün vacib olan ərazilər təmizlənib başa çatdırıldıqdan sonra həmin istiqamətdə də işlərə başlanılması nəzərdə tutulur".

Rey Kərimoğlu bildirib ki, keçmiş təmas xətti boyunca ərazilərin çəpərlənməsi həyata keçirilir:

“Bu səbəbdən Prezidentin tapşırığı ilə keçmiş təmas xətti boyunca ərazilər məftil torlarla çəpərlənir və həmin ərazilər olduğu kimi saxlanılır. Əsas diqqət isə əhalinin köçürüldüyü, tikinti işlərinin aparıldığı və yaşayış məntəqələrinin salındığı ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsinə yönəldilir”.

Sədr vurğulayıb ki, yaşayış məntəqələrinin salındığı ərazilərdə mina təmizləmə işləri geniş şəkildə aparılır:

“Ağdam şəhərinin salınması zamanı şəhərin ərazisi başdan-başa təmizlənib. Hazırda Cəbrayıl və Zəngilan şəhərlərində, eləcə də tikinti aparılan digər ərazilərdə də analoji işlər həyata keçirilir. Kəndlərin salınması zamanı isə yaşayış məntəqəsinin ərazisi ilə yanaşı, onun ətrafında bir, iki, bəzi hallarda isə üç kilometr diametrində olan sahələr də mina və partlamamış hərbi sursatlardan təmizlənir”.

Rey Kərimoğlunun sözlərinə görə, mina təmizləmə prosesi uzunmüddətli və mürəkkəb xarakter daşıyır:

“Bu baxımdan mina təmizləmə prosesi uzun zaman tələb edən və kifayət qədər mürəkkəb işdir. Torpaqların kütləvi şəkildə mina çirklənməsindən təmizlənməsi üçün 20, 25, hətta 30 il tələb oluna bilər. Bununla belə, proses tamamilə başa çatdıqdan sonra belə ayrı-ayrı ərazilərdə mina təhlükəsinin qalması mümkündür. Böyükmiqyaslı təmizləmə işlərinin isə 25-30 il ərzində yekunlaşdırılması mümkün hesab olunur”.

R.Kərimoğlu qeyd edib ki, prosesin müddəti mövcud texnologiya və metodlar əsasında hesablanır:

“Bu müddət indiki texnologiyalar, inkişaf səviyyəsi və mövcud metodlar əsasında hesablanır. Gələcəkdə mina və partlamamış hərbi sursatların müəyyənləşdirilməsi və zərərsizləşdirilməsi üçün yeni texnologiyaların ortaya çıxması prosesin daha da sürətlənməsinə imkan verə bilər”.

Sədr bildirib ki, mina təmizləmə prosesində müxtəlif texnologiya və vasitələrdən istifadə olunur:

“Hazırda mina təmizləmə işləri insanlar və xüsusi texnikalar vasitəsilə həyata keçirilir. Bundan əlavə, mina axtarışında itlərdən və siçovullardan da istifadə olunur. Müxtəlif vasitələrlə ərazidə minaların yeri müəyyənləşdirilir, daha sonra isə aşkar edilmiş minalar zərərsizləşdirilir. Eyni zamanda, dronlar vasitəsilə ərazilərin səthi çəkilir, müxtəlif proqram təminatlarından istifadə edilməklə təhlillər aparılır və minalanmış sahələr müəyyənləşdirilir”.

Rey Kərimoğlu vurğulayıb ki, yeni texnologiyalar gələcəkdə mina təmizləmə prosesini sürətləndirə bilər:

“Gələcəkdə texnoloji inkişafın hansı imkanlar yaradacağını indidən proqnozlaşdırmaq mümkün deyil. Yeni texnologiyaların tətbiqi mina təmizləmə prosesinin daha qısa müddətdə həyata keçirilməsinə imkan verə bilər. Lakin hazırkı vəziyyətdə prosesin uzun illər davam edəcəyi gözlənilir”.

R.Kərimoğlunun sözlərinə görə, Ermənistanın təqdim etdiyi mina xəritələrinin tam etibarlı olmadığı bildirilir:

“Ermənistanın mina xəritələrini təqdim etməsi isə mina təmizləmə işlərinin daha səmərəli aparılması baxımından olduqca vacib idi. Lakin təqdim olunan xəritələrin tam və etibarlı olmadığı bildirilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, təqdim edilən xəritələrin təxminən 15-20 faizi faydalı olub, qalan hissəsi isə yararsızdır”.

Sədr bildirib ki, mina hadisələri ilə bağlı məlumatların toplanması istiqamətində QHT layihəsi həyata keçirilir:

“Bununla əlaqədar olaraq, Azərbaycanda Mina Zərərsizləşdirən Assosiasiyası İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, Qarabağ Dirçəliş Fondunun və ANAMA-nın dəstəyi ilə layihə həyata keçirir”.

Rey Kərimoğlu qeyd edib ki, layihə çərçivəsində keçmiş mina insidentlərinin baş verdiyi ərazilər müəyyənləşdirilir:

“Layihə çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 1992, 1993 və 1994-cü illərdə mina insidentlərinin baş verdiyi yerlər müəyyənləşdirilir və həmin minalanmış ərazilərin koordinatları toplanır. Bu proses həmin dövrdə ərazidə minaya düşmüş və ya mina hadisəsinin şahidi olmuş şəxslərin iştirakı ilə həyata keçirilir”.

R.Kərimoğlu sözlərinə görə, 44 günlük müharibədən sonra baş vermiş mina insidentlərinin koordinatları məlumdur, lakin əvvəlki döyüş əməliyyatları zamanı çirklənmiş ərazilərlə bağlı məlumatlar tam deyil:

"44 günlük müharibədən sonra baş vermiş mina insidentlərinin, yəni mina partlayışlarının qeydə alındığı ərazilərin koordinatları məlumdur. Lakin 1992–1994-cü illərdə döyüş əməliyyatlarının aparıldığı ərazilərdə, eləcə də işğaldan azad edilmiş ərazilərin dərinliklərində mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlar tam məlum deyil".

Rey Kərimoğlu bildirib ki, mina və partlamamış hərbi sursatlarla bağlı araşdırmalar layihə çərçivəsində həyata keçirilir:

"Bu istiqamətdə müvafiq işlər layihə çərçivəsində həyata keçirilir. Hazırda layihə üzrə Ağdam və Ağdərə rayonları istiqamətində araşdırma və fəaliyyətlər aparılır. Layihə ilkin mərhələdə pilot xarakter daşıyır".

Sədr vurğulayıb ki, layihənin uğurla başa çatdırılması gələcəkdə fəaliyyətlərin bütün Qarabağ ərazisini əhatə etməsinə imkan yarada bilər:

"Layihənin uğurla başa çatdırılması gələcəkdə bu istiqamətdə həyata keçirilən işlərin bütün Qarabağ ərazisini əhatə etməsinə imkan verə bilər".

R.Kərimoğlunun sözlərinə görə, şahidlərin məlumatları əsasında minalanmış ərazilərin koordinatları müəyyənləşdirilir:

“Şahidlər əraziyə aparılır və onların verdiyi məlumatlar əsasında koordinatlar müəyyənləşdirilir. İşlər ANAMA-nın nəzarəti və qurumla məsləhətləşmələr əsasında həyata keçirilir”.

Sədr vurğulayıb ki, layihənin icrası çərçivəsində regionda müvafiq işlər aparılır:

“Bu fəaliyyət minalanmış və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin müəyyənləşdirilməsi istiqamətində ANAMA-ya və dövlətə dəstək məqsədi daşıyır”.

Rey Kərimoğlu bildirib ki, mina xəritələrinin tam və dəqiq təqdim edilməsi dövlət resurslarının daha səmərəli istifadəsinə imkan verə bilər: 

“Ermənistanın mina xəritələrini tam və dəqiq şəkildə təqdim etməsi mina təmizləmə prosesinin daha səmərəli aparılmasına və dövlətin bu istiqamətdə çəkdiyi xərclərin və sərf etdiyi resursların azalmasına imkan verə bilərdi. Lakin təqdim olunan xəritələrin tam və mükəmməl olmadığı bildirilir”.

Fatimə Nəbiyeva