Apple-ın iPhone-un 20 illiyinə həsr olunacağı gözlənilən iPhone 20 Pro və iPhone 20 Pro Max modelləri ilə bağlı yeni ekran məlumatları ortaya çıxıb.

QHT.az xarici mediaya istinadən bildirir ki,  iddialara görə, iPhone 20 Pro 6,41 düymlük, iPhone 20 Pro Max isə 6,96 düymlük ekranla təchiz edilə bilər. Daha böyük modelin ekran ölçüsünün Apple tərəfindən marketinq baxımından 7 düym kimi təqdim olunacağı bildirilir.

Yeni modellərdə ekran ölçüsü ilə yanaşı, dizaynın da dəyişdirilməsi gözlənilir. Prototiplərdə ekranın dörd kənarının əyri olduğu, çərçivələrin daha da nazikləşdirildiyi və Dynamic Island sahəsinin kiçildildiyi iddia olunur.

Müqayisə üçün, hazırkı məlumatlara əsasən iPhone 17 Pro və iPhone 18 Pro 6,3 düymlük, Pro Max modelləri isə 6,9 düymlük ekranla təchiz edilir. Yeni nəsildə ekranın bir qədər böyüdülməsi istifadəçiyə daha geniş görüntü sahəsi verə bilər.

Qeyd olunur ki, iPhone 19-un buraxılmaması və 2027-ci ildə birbaşa iPhone 20 seriyasına keçilməsi ilə bağlı iddialar da mövcuddur. Bunun səbəbi həmin il iPhone-un bazara çıxmasının 20-ci ildönümünə təsadüf etməsidir.

Hazırda yayılan məlumatlar Apple tərəfindən rəsmi təsdiqlənməyib və sözügedən ekran ölçüləri sınaqdan keçirilən prototiplərə əsaslanır. Mənbə: Notebookcheck. ⁠