Böyük Britaniyada yerləşən “Islamic Relief Worldwide” təşkilatı ABŞ-da fəaliyyət göstərən “Islamic Relief USA” qeyri-kommersiya təşkilatını qlobal federasiyasından çıxarıb. Qərara əsasən, ABŞ təşkilatı artıq “Islamic Relief” adından və sahib olduğu aktivlərdən istifadə edə bilməyəcək.

QHT.az xarici mediaya istinadən bildirir ki, qərar iki təşkilat arasında uzun müddətdir davam edən mübahisənin kəskinləşməsi fonunda qəbul edilib. Mübahisə ABŞ-da “Islamic Relief USA”ya qarşı siyasi və hüquqi təzyiqlərdən sonra başlayıb. ABŞ Konqresinin bəzi üzvləri “Islamic Relief Worldwide”ın HƏMAS da daxil olmaqla terror təşkilatları ilə əlaqələrinin olduğunu iddia edib və bununla bağlı araşdırma başladılıb.

Bundan sonra “Islamic Relief USA” bir il əvvəl “Islamic Relief Worldwide” ilə əlaqələrini dayandırıb və daha sonra Britaniya təşkilatını məhkəməyə verib. ABŞ qurumu onu özünə qarşı cavab tədbirləri görməkdə və auditlərlə əməkdaşlıq etməməkdə ittiham edib.

Son qərarla iki təşkilat arasındakı uzunmüddətli əməkdaşlıq faktiki olaraq sona çatıb.