“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda 2028–2032-ci illərdə qida məhsullarının qanunsuz küçə ticarətinin qarşısının alınması, aidiyyəti dövlət qurumları arasında birgə nəzarət mexanizminin yaradılması və bu halların azaldılması nəzərdə tutulur.

Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov QHT.az-a açıqlama verib.

O bildirib ki, küçədə qanunsuz şəkildə satılan qida məhsullarında əsas problem məhsulun özü qədər onun hansı şəraitdə saxlanılması, hazırlanması və satılmasıdır. Soyuducu, gigiyenik avadanlıq, içməli su və temperatur nəzarəti olmadıqda hətta ilkin olaraq keyfiyyətli olan məhsul da insan sağlamlığı üçün riskli vəziyyətə düşə bilər.

F.Səfərovun sözlərinə görə, isti havalarda bəzi qida məhsulları daha yüksək risk daşıyır:

"Daha çox risk daşıyan məhsullar sırasında ət və ət məhsulları, qiymə, toyuq, balıq və dəniz məhsulları, süd və süd məhsulları, qaymaq, kəsmik, yumurta, kremli şirniyyatlar, hazır salatlar, mayonezli məhsullar, bişmiş yeməklər, dönər və digər hazır ət məhsulları xüsusi qeyd olunmalıdır. Xüsusilə isti havalarda bu məhsullarda Salmonella, E. coli, Staphylococcus aureus kimi mikroorqanizmlərin çoxalması sürətlənə bilər. Balıq və dəniz məhsullarında isə temperatur rejiminin pozulması həm mikrobioloji, həm də bəzi hallarda toksinlərlə bağlı riskləri artırır".

Ekspert vurğulayıb ki, meyvə-tərəvəz və quru məhsullar da satış zamanı gigiyenik tələblərə uyğun saxlanılmalıdır:

"Meyvə-tərəvəz və digər quru məhsullar nisbətən aşağı riskli görünsə də, onların da çirkli səthlərdə, yol kənarında, toz-torpaq və avtomobil qazlarının təsiri altında satılması gigiyenik baxımdan problem yarada bilər. Məhsulun üzərində zərərvericilər, kif, çürümə və ya kimyəvi çirklənmə əlamətləri də nəzərə alınmalıdır".

Fərid Səfərov bildirib ki, qida təhlükəsizliyinə nəzarət yalnız cərimə tətbiqi ilə məhdudlaşmamalıdır:

"Nəzarət mexanizmi yalnız küçə satıcısının cərimələnməsinə əsaslanmamalıdır. İlk növbədə risk əsaslı nəzarət sistemi qurulmalıdır. Yəni ən yüksək riskli qida məhsulları və satış nöqtələri daha tez-tez yoxlanılmalıdır. Satıcının məhsulu haradan aldığı, məhsulun mənşəyini təsdiq edən sənədlər, saxlanma və daşınma şəraiti, temperatur rejimi və son istifadə müddəti yoxlanılmalıdır".

Ekspertin sözlərinə görə, satış məntəqələrində əsas gigiyenik və texniki tələblər təmin edilməlidir:

"Bununla yanaşı, satış yerlərində təmiz su, əl gigiyenası, qoruyucu qablaşdırma, soyuducu avadanlıq, temperatur ölçən cihazlar və tullantıların düzgün idarə olunması kimi minimum tələblər müəyyən edilməlidir. Hazır qidanın əllə təmasdan qorunması, çiy və bişmiş məhsulların bir-birindən ayrı saxlanılması da vacibdir".

F.Səfərov qeyd edib ki, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi nəzarətin effektivliyini artıra bilər:

"Dövlət qurumlarının birgə nəzarətində məlumat mübadiləsi, vahid elektron qeydiyyat sistemi, birgə reydlər, laborator nümunələrin götürülməsi və nəticələrin vahid bazada toplanması effektivliyi artıra bilər. Eyni zamanda qanunsuz satışın qarşısının alınması ilə yanaşı, sahibkarlara və satıcılara qanuni və təhlükəsiz satış üçün alternativ şərait yaradılması da vacibdir".

Ekspert vurğulayıb ki, əsas məqsəd təhlükəli qidanın istehlakçıya çatmasının qarşısını almaq olmalıdır:

"Ən əsası isə nəzarət mexanizmi “məhsulu küçədən yığışdırmaq” yox, təhlükəli qidanın istehlakçıya çatmasının qarşısını almaq prinsipinə əsaslanmalıdır. Bu zaman həm ictimai sağlamlıq qorunar, həm də qanuni qida ticarəti üçün daha şəffaf və təhlükəsiz mühit formalaşar".

Fərid Səfərov sonda "sağlam qidalanaraq sağlam yaşayın!", - deyə çağırış edib.

Zəhra Mansırova