“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027–2032-ci illər üçün Dövlət Proqramı”nda heyvanların erkən yaşda kəsilməsinin qarşısının alınması, habelə kəsim yaşının və çəkisinin tənzimlənməsi nəzərdə tutulur.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov QHT.az-a açıqlama verib.

Eyyub Hüseynov bildirib ki, proqramın ictimai müzakirədən keçməsi vacibdir:

Düşünürəm ki, bu proqram geniş ictimai müzakirədən keçməli idi. Çünki burada hər bir istehlakçının deyəcək sözü var və məsələ kifayət qədər geniş müzakirə olunmalıdır.

Müsahibimiz vurğulayıb ki, erkən kəsimə tətbiq olunan cəzalar problemin tam həllini təmin etməyə bilər:

Heyvanların erkən kəsilməsi məsələsinə gəlincə, düşünürəm ki, hansı cəzaların tətbiq olunmasından asılı olmayaraq, bu problem tam həllini tapmayacaq. Çünki tələb varsa, təklif də mütləq olacaq. İnsanlar heyvanları gizli şəkildə kəsə bilərlər. Avropa ölkələrində də bu kimi məhdudiyyətlər mövcuddur. Lakin mən orada cavan quzu ətinin daha baha, hətta ikiqat qiymətə satıldığını görmüşəm.

Eyyub Hüseynovun sözlərinə görə, kəsim yaşının heyvandarlığa təsiri məhdud ola bilər:

Düşünürəm ki, bu amilin heyvandarlığın inkişafına təsiri olsa da, təsir çox cüzi olacaq. Çünki nəticədə qiymətlər tələb və təklif nisbətinə uyğun formalaşacaq. Bu, yaxşı çağırışdır, lakin proqramın icrasının nə dərəcədə mümkün olacağı müəyyən suallar yaradır.

Müsahibimiz qeyd edib ki, heyvanların identifikasiyası proqramın mühüm istiqamətlərindən biridir:

Proqramda heyvanların identifikasiyası məsələsinin önə çəkilməsi isə çox vacibdir. Bu proses mütləq başa çatdırılmalıdır. İnsanlar belə bir sistem qurulduğu halda küçə kəsimindən deyil, mağazalardan ət almağa daha çox üstünlük verəcəklər.

Eyyub Hüseynov bildirib ki, proqramın tətbiqi ətin qiymətinə təsir göstərə bilər:

Bütün bu proqramın tətbiqi, əlbəttə, ətin qiymətinin artmasına səbəb ola bilər. Azərbaycanda daha böyük aqrofirmaların yaradılmasına, xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə fəaliyyətin genişləndirilməsinə ehtiyac var. Təəssüf ki, bu sahədə hələ də müəyyən çatışmazlıqlar mövcuddur.

Eyyub Hüseynovun sözlərinə görə, qida zəncirinin izlənməsi və məhsulların markalanması xüsusi əhəmiyyət daşıyır:

Dövlət proqramında vacib məqamlardan biri də qida zəncirinin izlənməsi məsələsidir. Qida zəncirində iştirak edən bütün subyektlərin müəyyən reyestrə daxil edilməsi çox önəmlidir. Bununla yanaşı, heyvanların identifikasiyası, qida məhsullarının markalanması və məhsulun mənşəyinin müəyyən edilə bilməsi də olduqca vacib məsələlərdir.

Zəhra Mansırova