Xəbərlər 06.03.2023 19:22 1777

Probasiya qeydiyyatında olan qadın məhkumlarla görüş keçirilib

8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Ədliyyə Nazirliyinin və Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə Probasiya xidmətinin qeydiyyatında olan qadın məhkumlarla görüş keçirilib.

 

Tədbirdə Vəkillər Kollegiyasının rəhbərliyi, Ədliyyə Nazirliyinin aidiyyəti məsul işçiləri, Qadın Vəkillər Alyansı, hüquq müdafiəçiləri, eləcə də şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş, azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş qadınlar iştirak ediblər.

 

Tədbirdə 2023-cü ilin Ümummilli Liderin 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunması ilə əlamətdar olduğu bildirilib, Ulu Öndərin xalqımız və dövlətimiz qarşısında xidmətlərindən, humanizm siyasətindən bəhs olunub, bu siyasətin təzahürü olaraq ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi üzrə görülən tədbirlərdən danışılıb.

 

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bu sahədə görülən tədbirlərin məhkəmə-hüquq sistemində aparılan islahatların mühüm tərkib hissəsi olduğunu bildirib: “Bu sahədə probasiya institutunun yaradılması, zənnimcə, cəmiyyətdən təcrid etmədən alternativ cəzaların təyin edilməsində mühüm mexanizmdir. Məlumdur ki, bu gün ölkəmizdə fəaliyyət göstərən probasiya xidmətində mütərəqqi üsullardan istifadə olunur. Eyni zamanda şadam ki, Ədliyyə Nazirliyi bu gün ictimaiyyətin rəyinə yüksək qiymət verir, cəmiyyətlə fəal şəkildə işləyir. Hesab edirəm ki, Ədliyyə Nazirliyinin vətəndaş cəmiyyəti ilə əməkdaşlığı digər dövlət qurumları və qeyri-hökumət təşkilatları üçün bir örnəkdir”.

 

Vəkillərin əsas vəzifəsinin insanlara keyfiyyətli hüquqi yardım göstərməkdən ibarət olduğunu diqqətə çatdıran sədr vəkillərin məhkum qadınların qarşılaşdıqları hüquqi problemlərin həlli istiqamətində çalışacağına əminliyini ifadə edib. Sədr çıxışının sonunda xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.

Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin rəisi Aynur Sabitova çıxış edərək bildirib ki, cəmiyyətimizin həssas qrupu olan qadın məhkumların hüquqlarının təmin olunması, onların səmərəli islahı və reinteqrasiyası sahəsində Ədliyyə Nazirliyi tərəfindən Vəkillər Kollegiyası ilə səmərəli əməkdaşlıq edilir, məhkumlara mütəmadi ödənişsiz hüquqi yardım aksiyaları və digər birgə tədbirlər təşkil olunur.

Nazirliyin Probasiya Xidmətinin rəisi – Baş probasiya məmuru Akşin Ziyadov, hüquq müdafiəçisi Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı tədbirin məhkumların hüquqlarının qorunması, onlara keyfiyyətli hüquqi yardımın göstərilməsi və hüquqi maarifləndirilməsi baxımından əhəmiyyətini qeyd ediblər.

Tədbirdə qadın məhkumları maraqlandıran suallar cavablandırılıb.

Sonda vəkillər tərəfindən qadın məhkumlara ödənişsiz hüquqi yardım göstərilib, şifahi və yazılı hüquqi məsləhətlər verilib, həmçinin müvafiq yazılı ərizələr tərtib olunub.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı