Xəbərlər 11.05.2023 20:48 1937

Bizi BİZ-dən ayırmaq istəyənlərə fürsət verməyin

Nadir Azəri

 

Doğru seçim edib, Doğru Adama-Recep Tayyip Erdoğana səs verin

BAYRAQDAR MEDİA – Mayın 14-də qardaş Türkiyədə növbəti cümhurbaşqanı və parlament seçkiləri keçiriləcək. Amma biz söz olaraq “növbəti” yazsaq da, əslində, reallıqda buna həyati əhəmiyyətli seçki kimi yanaşmalıyıq. Çünki bu seçkilərin, xüsusilə də cümhurbaşqanı seçkisinin nəticəsində təkcə Türkiyənin deyil, eləcə də türk dünyasının gələcəyi, taleyi müəyyən ediləcək.

Qaranlığın deyil, işığın yanında olmalıyıq

Səbəb isə bəllidir. Bu seçkidə sözün bütün mənalarında xeyirlə şər, gündüzlə gecə, işıqla qaranlıq, tərəqqi ilə tənəzzül mübarizə aparacaq. Biz təbii ki, birinci tərəfin, yəni xeyirin, işığın, tərəqqinin yanında olmalıyıq. “Biz” deyəndə mən Türkiyədə səsvermə hüququ olan bacı-qardaşlarımızı nəzərdə tuturam. Çünki Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi “bir millət, iki dövlətik” demişiksə, o zaman, Türkiyə Cümhuriyyətinin qurucusu dahi Mustafa Kemal Atatürkün təbirincə desək, “sevincimiz də, kədərimiz də”, deməli, həm də qədərimiz də bir olmalıdır. Bu qədəri müəyyən edən seçimimiz də bir olmalıdır. Bir nöqtəyə vurmalıyıq. Yəni, Türkiyədə səsvermə hüququ olan bacı-qardaşlarımız sandıq başında olanda təkcə özlərini deyil, həm də BİZləri- bütün türk dünyasının düşünməli, ona görə seçim etməlidirlər.

Buna görə də, ötən ayın sonunda İstanbulda keçirilən Türk Dünyası Köşə Yazarları Simpoziumu çərçivəsində Anadolu Ajansına verdiyim müsahibədə qeyd etdiyim kimi, Türkiyədə səsvermə hüququ olan bacı-qardaşlarımızın sandık başına gedincə səs verəcəkləri bir şəxs var. O da sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğandır.

Bu gün Türkiyədə müstəqil, öz sözü, qətiyyəti olan bir Cümhurbaşqanı var

Çünki sayın Recep Tayyip Erdoğan uzun zamandır Türkiyə üçün xəyal edilənləri reallığa çevirməyi bacardı.
Çünki Recep Tayyip Erdoğan və Azərbaycan Prezidenti İlham Əliyev birlikdə türk dünyasını daha də güclü etmək üçün mühüm addımlar atdılar və bu gün də atırlar.

Bir sözlə, bu gün Türkiyədə müstəqil, öz sözü, qətiyyəti olan bir Cümhurbaşqanı var. Bu Cümhurbaşqanı çıxıb, “türk dünyası bir olmalıdır, türk dünyası azad olmalıdır, müstəqil olmalıdır” dedi və bunun uğrunda misilsiz fəaliyyət göstərir. Elə isə türkiyəli bacı-qardaşlarımız belə bir dönəmdə onun yenidən qalib gəlməsi üçün mayın 14-də heç bir tərəddüd etməməlidirlər.

Mən bu köşəmlə bir daha onlara müraciət edərək, deyirəm: Təkcə Türkiyənin deyil, həm də Azərbaycanın və bütövlükdə türk dünyasının bundan sonra da qətiyyətli addımlaması, xarici imperialist güclərin girovuna çevrilməməsi üçün mayın 14-də Doğru Seçim edib, Doğru Adama səs verin. O Doğru Adam isə məhz Recep Tayyip Erdoğandır.

Yəqin ki, bu yazını oxuyan Türkiyədəki bəzi dostlarımız seçkilərlə bağlı yazdığım digər yazılardan sonra olduğu kimi, bu dəfə də məni qınayacaq, “Türkiyənin seçicilərinə təsir etməkdə” günahlandıracaqlar.

Qərbin imperialist mərkəzləri, qara piar şəbəkəsi, bütün təbliğat maşını R.T.Erdoğana və Türkiyəyə qarşı bir çətir altında birləşib

Onlara bəri başdan bir daha əvvələr verdiyim cavabı vermək istəyirəm: Düzdür, biz Türkiyənin daxili işlərinə qarışmırıq. Amma nəzərə alsaq ki, bu seçimin nəticəsi həm də BİZə, türk dünyasına təsir edəcək, deməli, çağırışımız əsaslı və vacibdir. Əgər “sevincimiz də, kədərimiz də, qədərimiz də birdir” deyiriksə, o zaman qədərimizin, sabahımızın qaranlıqlara qərq olmaması üçün fəal olmalıyıq. Çünki bu gün Qərbin imperialist mərkəzlərinin, qara piar şəbəkəsinin, bütün təbliğat maşınının R.T.Erdoğana və Türkiyəyə qarşı bir çətir altında birləşdiyini görürük.

Bu, əslində, bütün türk dünyasına qarşı birlikdir. O birliyin öz qara niyyətinə çatmaması üçün mayın 14-də doğru seçim edilməlidir. Öz əlimizlə öz qollarımıza zəncir vurmamalıyıq.

Bunların davranışı erməninin, farsın bizə qarşı davranışından fərqlənmir

Yəqin ki, bu yazımızdan sonra eyni zamanda, biriləri yenə də Kemal Kılıçdaroğluna, “Millət İttifakı”na qarşı olduğumuzu deyib, bizi öz təbirlərincə qınayacaqlar. “Niyə Kılıçdaroğlunu sevmirsən, niyə “Millet İttifakı”nı qəbul ermirsən” kimi suallar verəcəklər. Onlara da cavabım əvvəlki cavablardan fərqlənməyəcək – Kemal Kılıçdaroğlu, onun komandası onları sevmək, heç olmasa onlara cüzi də olsa rəğbətlə yanaşmaq üçün mənə dırnağın ucu qədər bir əsas versinlər. Bunlar bizə qarşı türkün türkə yanaşdığı kimi yanaşsınlar. Amma təəssüflər olsun ki, biz bu yanaşmanı görmürük. Əksinə, Kemal Kılıçdaroğlu və namizədi olduğu ittifaqın bizə qarşı davranışı erməninin, farsın bizə qarşı davranışından fərqlənmir.

 

Məsələn, K.Kılıçdaroğlunun xarici siyasətdən sorumlu başdanışmanı Ünal Çeviköz 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi-siyasi dəstəyindən bərk sancılanaraq bəzi qəbuledilməz hədyanlar, iddialar səsləndirmişdi.

 

Bu adam indi də KKTC-nin gələcək taleyini sual altına alan fikirlər ortaya atıb. İsveçrədə alman dilində yayımlanan “Neue Zürcher Zeitung (NZZ) qəzetinə müsahibəsində o, dolayısı ilə rəsmi Ankarının KKTC-ni tək buraxmasının lazım olduğunu deyib.

Türk dünyasına qarşı olanlar məğlubiyyətə məhkumdurlar

Eyni zamanda, K.Kılıçdaroğlu bu günlərdə əlindəki bir cızma-qara ilə hanısa yoldan danışıb ki, bu zaman da adamın Azərbaycan, o cümlədən türk düşmənliyi “fontan vurub”.

 

Bu gün Zəngəzur dəhlizi ilə Turanın birliyinin tam olmasına çalışıldığı bir vaxtda bu bay Kemalın Azərbaycandan kənar keçən hansısa xəyali yol xəritəsini sərgiləməsi həm onun, həm də onu dəstəkləyin ittifaqın Azərbaycan düşmənliyini, türk düşmənliyini növbəti dəfə ortaya qoydu.

Anlaşıldı ki, bunların əsas istəyi türk dünyasının birliyinin pozulmasıdır. Bunun uğruna əllərindən nə gəlirsə edirlər. Anlaşıldı ki, bunlar bizi BİZ-dən ayırmaq istəyirlər. Amma bacara bilməyəcəklər.

Onların bacara bilməməsi üçün isə Türkiyədəki bacı-qardaşlarımıza bir daha müraciət edərək, “bizi BİZ-dən ayırmaq istəyənlərə fürsət verməyin, 14 mayda Doğru seçim edib, Doğru Adama – Recep Tayyip Erdoğana səs verin” deyirik.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı