Xəbərlər 06.06.2023 20:54 1173

AŞPA-nın həmməruzəçiləri ilə Ədliyyə Nazirliyində görüş keçirilib

İyunun 6-da ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşüb.

QHT. az  Rezonans.az-a istinadən  xəbər verir ki, görüşdə Avropa Şurası və Azərbaycan arasında sıx əməkdaşlıqdan məmnunluq ifadə edilərək bu əlaqələrin demokratiyanın inkişafına, qanunun aliliyinə xidmət etdiyi bildirilib, Avropa Şurası ilə birgə həyata keçirilən islahatlardan və layihələrdən bəhs olunub.

Nazir ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə-hüquq sistemində aparılan kompleks qanunvericilik, institusional və praktiki tədbirlər barədə məlumat verib, məhkəmə hakimiyyətinin müstəqil özünüidarə fəaliyyətini, hakimlərin Avropa Şurası tərəfindən örnək kimi dəyərləndirilən ən şəffaf seçimini qeyd edib. Dünya Bankının iştirakı ilə məhkəmə infrastrukturunun müasirləşdirilərək yüksək texnoloji (hi-tech) məhkəmələrin yaradıldığını və “Elektron məhkəmə” sisteminin tətbiqi üzrə işlərin artıq başa çatdırılaraq bu ərəfədə bütün ölkə üzrə tam əhatə olunduğunu vurğulayıb, bu sahədə ölkəmizin nailiyyətlərinin Dünya Bankı tərəfindən digər dövlətlərə tövsiyə edildiyini bildirib.

Həmməruzəçilər həmçinin, penitensiar sahədə aparılan islahatlar, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, yeni müasir penitensiar müəssisələrin inşa olunaraq istifadəyə verilməsi barədə məlumatlandırılıb.

Qonaqlar Azərbaycanda hüquqi sahədə islahatları və nailiyyətləri məmnunluqla qarşılayıb, məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunması, korrupsiya ilə mübarizə, qarşıda duran çağırışlar və digər məsələlər üzrə faydalı fikir mübadiləsi aparıblar.

Nazir əsas prioritetlərdən Vətən müharibəsində azad edilmiş torpaqlarımızda hüquq təsisatlarının fəaliyyətinin təşkili olduğunu bildirərək, hazırda həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərinə toxunub. Bu prosesə ciddi əngəl törədən torpaqlarımızın büsbütün, hətta müharibədən sonra minalanması qeyd edilərək, 300-dən çox şəxsin minaya düşərək yaralandığı, onlardan 57 nəfərin həlak olduğu bildirilib, bununla bağlı qonağa xüsusi broşür təqdim edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı