Xəbərlər 09.06.2023 21:02 5058

Masallıda yazıçı-publisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi keçirildi

Masallıda yazıçı-publisist Nurəddin Ədiloğlunun 65 illik yubileyi keçirildi

 

Masallıda tanınmış yazıçı-publisist Nurəddin Ədiloğlunun anadan olmasının 65 illiyi qeyd olundu.
Yubiley tədbirində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri, elm, mədəniyyət xadimləri, ictimaiyyət və media nümayəndələri iştirak edirdi.
Əvvəlcə Masallı şəhər Qəhrəmanlar parkında Şəhidlər abidə-kompleksi və Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzüldü.
Masallı şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir öncəsi Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ağacəfər Həsənli açdı.
Sonra yubilyarın həyat və yaradıcılığından bəhs edən videoçarx izlənildi. 
Nurəddin Ədiloğlunu vətənpərvər yazar, müasir oxucunu düşündürə bilən bacarıqlı söz sahibi kimi xarakterizə edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov yubilyarı təbrik edib, ona uzun ömür, cansağlığı, yaradıcılığında yeni-yeni uğurlar arzuladı. O, çıxışını Xalq şairi Məmməd Arazın “Vətən mükafatı” şeiri ilə yekunlaşdırdı: 

“Heç bir mükafatın yetmədi mənə,
Bircə "sağ olun" da bəsimdi, vətən!
Bəsimdir, hər səhər təltif yerinə
Qapımda küləyin əsibdi, vətən!

Qol verdin boynunu qucaqlamağa,
Göyünə baxmağa göz verdin, bəsim...
Kürək söykəyənin ana torpağa
Haqqı yox ayrı bir təltif istəsin.

Nə çiçək, nə sancaq oldum yaxanda,
Bir ömür yaşadım - əkinçi ömrü.
Qalır sel ağzında, çay qırağında
İkinci həyatım, ikinci ömrüm.

Nəsə qayalara yapışıb qalar,
Nəsə mamırlara dönüb göyərər,
Mən elə beləcə, göz qabağında
Gəzəri tabuta dönməsəm əgər...”

İstedadlı qələm sahibi, sözünün və xarakterinin bütövlüyü ilə seçilən Nurəddin Ədiloğlunun jurnalistika və ədəbiyyat sahəsindəki fəaliyyətini yüksək qiymətləndirən Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinin sədri Qafar Cəfərli,  Lənkəran Dövlət Universitetinin professoru Yədulla Ağazadə, yazıçı və şairlərdən Bilal Alarlı, Meyxoş Abdulla, Mahir Cavadlı, Balayar Sadiq, jurnalistlərdən İlqar Əhmədov, Zahir Əmənov, şərqşünas Əli Rzazadə və başqaları yubilyarın çoxşaxəli yaradıcılıq uğurlarından danışıb, xatirələrini bölüşdülər.
Tədbir iştirakçıları N.Ədiloğunu təbrik edərək ona xoş arzularını diləyib, hədiyyələr təqdim etdilər.
Yubilyar Nurəddin Ədiloğlu tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi.
Qeyd edək ki, Muğanlı Nurəddin Ədil oğlu 1958-ci il fevralın 1-də Masallı rayonunun Xırmandalı kəndində anadan olub. 1975-ci ildən dövrü mətbuatda publisistik və bədii yazıları ilə çıxış edir. 1984-cü ildə АDU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirib. "Tok Qafar" аdlı ilk hekayəsi vaxtilə Masallıda çıxan "Çağırış" (“Yeni həyat”) qəzetində dərc olunub. Gənclər təşkilatında, rayon icraiyyə komitəsində, rayon qəzetində, icra hakimiyyəti aparatında müxtəlif vəzifələrdə çalışıb.
1999-2004-cü illərdə Masallı şəhər Bələdiyyəsinin üzvü və katibi olub. 90-cı illərdə "Millət", "Avrasiya", "Hüriyyət" qəzetlərinin bölgə müxbiri işləyib. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1995-2002-ci illərdə "Masallı" müstəqil qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Qəzet 1998-ci ildə Milli Mətbuat günü "RUH" Jurnalistləri Müdafiə Komitəsinin "Ən mübaruz əyalət qəzeti" mükafatına və diplomuna layiq görülüb. 01 fevral 2013-cü ildə "Azərbaycan mediasında səmərəli fəaliyyətinə və anadan olmasının 55 illik yubileyinə görə" Mətbuat Şurasının diplomu ilə təltif edilib.
Onun təşəbbüsü və ssenarisi əsasında 1992-ci ildə şair, alim, həkim, müəllim və bəstəkar Mir kazım Aslanlı - Sarəngin Masallıda 80 illik yubileyi təntənə ilə qeyd olunub. İştirakı ilə hazırlanan "Sarəng ömrünün hekayətləri" adlı ədəbi-musiqili veriliş Azərbaycan radiosunun qızıl fonduna daxil edilib. 
Azərbaycan Mətbuat Şurasının "Qarabağ mövzusunun və Xocalı soyqrımının mediada təbliğınə dəstək" müsabiqəsinin pul mükafat ilə təltif olunub. "Qızıl Qələm" media mükafatı laureatıdır. Qələmə aldığı folklor nümunələri Azərbaycan radiosunun "Bulaq" verilişində səsləndirilib. "Rabitə dünyası" (1998), "Masallı XX əsrdə" (2000), "Seyid Sadıq" (2002) sənədli filimlərinin ssenari müəllifi və rejissorudur. Rejissor Elçin Məmiyevin "Susmuş vicdan" (2010-2012) serialında 41,42,43-cü seriyaların, Azərbaycanın ilk Zəfər filmi olan "Beşatılan" iki hissəli bədii filminin (2021, sentyabr) ssenari müəlliflərindən və "Sevginin göz yaşları" (2013) teleserialının redaktorlarından biridir. Xocalı faciəsinə həsr etdiyi "Şəhidlər anası" pyesinin Xalq Teatrının səhnəsində 1994-2002-ci illərdə dəfələrlə tamaşası göstərilib. 2017-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrınının səhnəsində oynalınıb və II Respublika Xalq Teatrları Festivalının diplomları ilə təltif olunub. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2004-2008-ci illər "Mars" ədəbi-bədii jurnalında məsul redaktor, 2005-2008-ci illər “Qarabağa aparan yol” qəzetinin baş redaktor müavini, eyni zamanda "Humanitar", "Yeni dirçəliş", "İki sahil" qəzetlərinin əməkdaşı işləyib. "Yurd" jurnalının redaksiya heyətinin üzvüdür. 1 noyabr 2016 -cı ildə İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) üzv olub. 32 kitabın, 10 dram əsərinin müəllifidir.

 

Akif AĞAYEV


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı