İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı e-sosial.az portalını qabaqcıl innovativ təcrübələrdən biri kimi təqdim edib
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin rəsmi internet səhifəsində “e-sosial.az” internet portalı qabaqcıl innovativ təcrübələrdən biri kimi təqdim edilib (https://oecd-opsi.org/innovations/e-sosial-unified-social-register/).
Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin saytında 2003-cü ildən ideyaların və yeniliklərin paylaşıldığı bölmə fəaliyyət göstərir. Burada dünyanın 85 ölkəsində mövcud olan ümumilikdə 774 innovasiya barədə məlumat qeyd olunub ki, həmin innovativ nümunələr sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi e-sosial.az portalı da yer alır.
Saytda dərc olunan məqalədə e-sosial.az portalının funksional imkanları, 80-dən çox qurumla inteqrasiya yolu ilə lazımi məlumatları əhatə edə bildiyi, nazirliyin bütün xidmətlərini real vaxt rejimində özündə birləşdirdiyi diqqətə çatdırılır. Onun Azərbaycanda ilk rəsmi vahid sosial reyestr və istifadəçi üçün “bir pəncərə” prinsipinə əsaslanan əlverişli onlayn platforma olduğu vurğulanır.
Portalın vətəndaşlara sosial sahə üzrə çevik və keyfiyyətli xidmətlər göstərilməsi, onlara özlərinə dair məlumatlar əldə etmək, əmək, məşğulluq, sosial müdafiə hüquqlarının təmininə davamlı monitorinq həyata keçirmək, 30 növ e-arayış əldə edə bilmək imkanları yaradılması, sosial xidmətlərə çıxış prosesinin sadələşdirilməsi və s. baxımından mühüm faydaları qeyd olunur. Portala aid informativ video-çarxlar da təqdim edilir.
2011-ci ildə yaradılan Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi dövlət sektorunda qabaqcıl innovasiyaların tətbiqinə və təbliğinə dəstək verən qlobal forumdur. Mərkəz dövlətlərə dəstək məqsədilə qabaqcıl innovativ təcrübələr, yeni ideyalar, biliklər, alətlər və əlaqə vasitələrini paylaşan platforma rolunu oynayır.