“Gənc liderlərin mədəniyyətlərarası dialoqa həsr olunmuş Forumu” layihəsi uğurla davam edir
Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi “Gənc liderlərin mədəniyyətlərarası dialoqa həsr olunmuş Forumu” adlı layihənin icrasını həyata keçirir.
Bu barədə ictimai birliyin sədri Vüqar Əhmədov QHT.az -a açıqlamasında bildirib.
Təşkilat sədri qeyd edib ki, layihənin əsas məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfəni və rolunu dünyada daha geniş işıqlandırmaq və bu sahədə daha çox araşdırma işlərinə nail olmaqdır.
"Məlum olduğu kimi Azərbaycan qədim sivilizasiyanın məskəni olaraq multi-etnik və müxtəlif millətlərin və etnik qrupların məskunlaşdığı bir ölkədir və müxtəlif millətlər əsrlərdir bu ölkədə sülh və anlaşma şəraitində yaşamışlar. Bu mövzu hər zaman beynəlxalq ekspertlərin və araşdırmaçıların tədqiqat mövzusu olduğundan icraçı təşkilat araşdırmaçılar arasında bu mövzuda məqalə müsabiqəsi elan etmişdir.
Maraqlı şəxslər və araşdırmaçılar qeyd olunan mövu üzrə məqalə və araşdırma yazıları təqdim etmişlər. Hal-hazırda təqdim olunan məqalə və araşdırma yazılarının qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə prosesi yekunlaşdıqdan sonra məqalə müəllifləri elan olunacaq və layihə çərçivəsində yaradılmış vebsəhifədə yerləşdiriləcək.
Layihə çərçivəsində eyni zamanda www.youthinterculturaldialogue.az saytı da yaradılmışdır. Vebsəhifə beynəlxalq auditoriya üçün Azərbaycanda mövcud olan tolerant və multikultural mühit və ölkəmizin mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfədən, ölkəmizdə müxtəlif etnik xalqların harmoniyasından bəhs edir. "