“Şəhidlik mövzusunda yazı yazan kəslər diqqətli olmalıdır” – QHT sədri
Sentyabrın 21-də Xəzər rayonu Qala qəsəbəsində Şəhidimiz Əlibala Əlioğlunun dəfn mərasimi keçirilib. Qarabağda lokal antiterror tədbirlərində Əlibala iştirak edib.
QHT.az xəbər verir ki, Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli bildirib ki, Şəhidimiz Əlibala Əlioğlunun dəfnində iştirak etdik: "Şəhidlərimizin missiyası, haqq işi bizim yolumuza işıq salır. Bu missiya bizi Azərbaycanın müstəqil, qüdrətli olmasının zəruriliyini dərk etdirir və hər zaman xeyirin şərə qalib gələcəyi fikirini təlqin edir. Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur. Ona görə də müqəddəs saydığımız Şəhidlik mövzusu həssas və məsuliyyətli sahədir. Bu mövzuda yazı yazan kəslər diqqətli olmalıdır. Xüsusilə, Azərbaycanın mediası, telekanalları, sosial şəbəkə iştirakçıları bu mövzuya yanaşmada bir çox zəruri məqamlara əməl etməlidir”.
QHT sədri həmçinin qeyd edib ki, düşmən üzərində qazandığımız tarixi Zəfərə, son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq.
Pərvanə Fərhadqızı