Xəbərlər 21.02.2024 13:41 1405

Vəkil: "Sahibkarların məhkəmə müdafiəsi çox önəmlidir"

Son zamanlar məhkəmə sistemində aparılan islahatların bəzi sahələrdə müsbət nəticələrini görə bilirik. Əvvəlki illərlə müqayisədə praktikamizda dövlət qurumuna qarşı qurumdaxili və ya məhkəmədə iş udmaq perspektivli görünmürdüsə, hazırda bunun mümkün olduğu hallar vardır. Belə ki, son rüb ərzində bir neçə instansiyada Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA), Dövlət Vergi Xidməti və Əmlak Komitəsinə Məsələləri Dövlət Xidmətinə qarşı qaldırılan tələb və iddiaları müştərinin xeyrinə udmuşuq.

Məhkəmələrin əvvəlki illərlə müqayisədə daha müstəqil və ədalətli formada işə baxmasını bir neçə səbəblə əlaqələndirmək olar. Birincisi, yuxarı instansiya məhkəmələrində aşkar qanunsuz qərarların ləğv edilməsi praktikası artmaqdadır. Eyni zamanda, kobul pozuntulara yol vermiş hakimlərin Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq məsuliyyətə cəlb edilməsi halları da bu prosesə müsbət təsir edir. Nəhayət, bu inkişafda vəkillərin rolunun artmasını qeyd edə bilərik. Təbii ki, vəkillərin peşəkarlığının artırılmasına yönəlmiş işlər də öz növbəsində bu prosesə müsbət tövhə verir.

O zaman dövlət qurumlarının şəffaflığa və müştəri məmnunluğuna artan yanaşması fonunda sahibkarların və bu qurumlarla təmasda olan vətəndaşların hüquqları niyə pozulur? Bunun müxtəlif səbəbləri var. Misal üçün bəzi hallarda dövlət qurumu formal tələbləri rəhbər tutaraq, sahibkara qarşı sanksiya tədbiq edir və işin digər hallarını hərtərəfli araşdırmır. Təbii ki, qanunvericilikdəki boşluqlar və kolliziyalar da bu prosesə şərait yaradır.

Digər bir səbəb qanunvericiliyə mütəmadi olaraq yeniliklərin və dəyişikliklərin edilməsidir və bir çox halda sahibkarlar bu yeniliklərdən xəbərsiz olurlar və ya yeniliklərin ağır hüquqi dilini başa düşmürlər. Nəticədə, sahibkar qüvvədən düşmüş qanunvericilik əsasında hərəkət edir və avtomatik olaraq dövlət qurumunun sanksiyasına məruz qalır. Misal üçün, malların idxalı zamanı qısa idxal bəyənnaməsinin tərtib edilməsi tələbi qanunvericiliyə daxil ediləndən sonra bir çox sahibkara hər biri 1500 manat olan sanksiyalar tətbiq edilmişdir. Halbuki, müvafiq idxalçılar ilə qısa maarifləndirilmə tədbirləri aparılsaydı bu hallar baş verməzdi. Məhkəmələr isə bu tip işlərdə cərimə qərarını həvəslə ləğv etmir, çünki formal pozuntu baş veribdir. Nəticədə, sahibkar cərimə olaraq ödədiyi məbləği satdığı malın üzərinə gəlir ki, bu da ölkəmizdə malların qiymətlərinin artırılmasnın səbəblərindən biri olur.

Sahibkarlar üçün yeni potensial risklər Dövlət satınalmaları haqqında yeni qanunla əlaqədardır. Bu qanunda yeniliklər və qaranlıq məqamlar çoxdur və sahibkarların bu sahədə biliyini artırmaq istiqamətində lazımı addımlar atılmır.

Hesab edirik ki, sahibkar və idxalçılar mütəmadi dəyişən qanunvericilik və dövlət qurumlarının praktikası qarşısında aciz vəziyətdədirlər. Dövlət qurumunun ixtiyarında daha çox resurslar var və sahibkar bu sistemə qarşı bərabər imkanlara malik deyil. Bu fonda məhkəmələrin sahibkarlara və idxalçılara dəstək olması ölkəmizdə biznes mühitinin gücləndirilməsinə və sahibkarlığın inkişafına dəstəkdir.

 

Nurlana Əliyeva, vəkil

"MG Consulting" şirkətinin əməkdaşı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı