Xəbərlər 11.03.2024 12:08 5541

Qeyri-kommersiya qurumlarının (ictimai birlik, fond, vəkil büroları, mediasiya təşkilatı və s.) təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması

Qeyri-kommersiya qurumlarının (ictimai birlik, fond, vəkil büroları, mediasiya təşkilatı və s.) təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması 


Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən tədbirlər, əldə olunan nəticələr ölkə Prezidentimiz cənab İlham Əliyevin güclü siyasi iradəsi ilə həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi olmaqla dövlət başçısının ədliyyə fəaliyyətinə göstərdiyi yüksək diqqət və qayğının real təzahürüdür. Bu diqqət və qayğının nəticəsi olaraq tərəfimizdən göstərilən hüquqi xidmətlərin səviyyəsinin daim yüksəldilməsi vətəndaş məmnunluğunun artırılmasının təmin edilməsi ilə nəticələnmişdir. 
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 19.03.2012-ci il tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları”na əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər (təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin təsdiq olunması barədə qərar; təsis sənədlərində edilmiş dəyişiklikləri və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyini, habelə ictimai birliyin üzvlərinin sayını təsdiq edən sənədlər) təqdim olunmalıdır. 
Dəyişiklikdən asılı olaraq aşağıdakı sənədlər təqdim olunur: 
-    hüquqi ünvan dəyişdirildiyi halda yeni ünvana dair sənəd; 
-    qanuni təmsilçi dəyişildiyi halda yeni qanuni təmsilçinin şəxsiyyətini təsdiq edən sənədinin surəti; 
-    təsisçilər dəyişildiyi halda təsisçilikdən çıxan və ya təsisçiliyə daxil olan şəxslərin ərizələri; 
-    fondda nizamnamə kapitalının və təsisçilərin əmlak paylarının miqdarı dəyişdirildikdə - müvafiq auditor rəyi və ya bank qəbzi, yaxud arayış, əmlak payının alqı-satqısı barədə və s. müqavilələr; 
-    xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının nümayəndəliklərinin və ya filiallarının dövlət qeydiyyatı ilə bağlı sazişin müddətinin uzadılması ilə bağlı sənədlər (müraciət ərizəsi, baş təşkilatın qərarı, sazişin uzadılması ilə bağlı protokol); 
-    nizamnaməyə (və ya əsasnaməyə) edilmiş dəyişikliyi və ya əlavəni özündə əks etdirən sənəd (2 nüsxədə). 
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən dəyişikliklərin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin dövlət qeydiyyatı qanunvericiliyin tələbləri nəzərə alınmaqla və gücləndirilmiş elektron imza ilə təsdiq edilməklə elektron məlumat sistemi vasitəsilə də həyata keçirilir. Hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Ədliyyə sahəsində xidmətlər baş idarəsi
Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti
idarəsinin aparıcı məsləhətçisi
I dərəcəli ədliyyə qulluqçusu
Abbasova Aytən Şahin qızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı