Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərinə səfər edəcək
"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə 5-8 may tarixlərində şəhid ailə üzvlərindən ibarət olan 30 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərinə səfər edəcək.
QHT.az xəbər verir ki, ardıcıl ikinci ildir təşkil olunan bu səfərin əsas məqsədi təşkilatımızın üzvü olan şəhid ailə üzvlərinin Türkiyə Cümhuriyyətinin qəhrəmanlıq salnaməsini özündə əks etdirən Çanaqqala şəhərini ziyarət edib, orada şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini yad etmək arzusunu gerçəkləşdirməkdən ibarətdir. Səfər çərçivəsində İstanbul və Çanaqqala şəhərlərinin tarixi məkanlarının ziyarət olunması, eyni zamanda qardaş xalqlar arasında ortaq dəyərlərin inkişafı istiqamətində qarşılıqlı görüşlərin keçirilməsi nəzərdə tutulur.