BSU-da akademik Vaqif Abbasovla görüş keçirilib
Aprelin 22-də Bakı Slavyan Universitetində (BSU) AMEA-nın həqiqi üzvü, neft kimyası sahəsində tanınmış alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasovla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan BSU-nun Tədris işləri üzrə prorektoru Ənvər Abbasov akademik Vaqif Abbasovun ölkəmizdə texniki elmlərin inkişafına mühüm töhfələr verdiyini qeyd edərək alimin böyük elmi tədqiqatların müəllifi olduğunu vurğulayıb.
Akademik Vaqif Abbasov dəvətə görə BSU rəhbərliyinə təşəkkür edərək universitetdə bu formatda təşkil olunan görüşlərdə, ustad dərslərində iştirak etməyə daim hazır olduğunu bildirib. Akademik həyat və fəaliyyəti, tədqiqat istiqamətləri barədə danışaraq tədbir iştirakçıları ilə öz elmi təcrübələrini bölüşüb. O, kitabları barəsində məlumat verərək kitab yazmağın fəlsəfəsindən bəhs edib. Keçmişə hörmətlə yanaşmağın vacibliyinə toxunan akademik tarixi öyrənməyin əhəmiyyətindən söz açıb. Alim həmçinin pedaqoqların tədris prosesində düzgün metodlardan istifadə etmələri, şagirdlərin potensialını düzgün qiymətləndirmələri məsələsinə də toxunub.
Sonra BSU-nun Pedaqogika və psixologiya kafedrasının müdiri Piralı Əliyev, Jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Şərqi Avropa dilləri fakültəsinin müdiri Kamran Hacıyev çıxış ediblər. Çıxışlarda alimin elmə verdiyi töhfələrdən danışılıb.
Sonda alim tədbir iştirakçılarının suallarını cavanblandırıb.