Xəbərlər 25.04.2024 12:50 2493

QHT sədri kitab oxumağın insan həyatında rolundan danışdı

25 aprel - Beynəlxalq Oxu Günüdür. QHT.az oxumağın təhsildə və insanın həyatında rolu, dünyada oxumaq və kitablara dəyər vermək, oxumağın mədəniyyətə, insanların düşünmə qabiliyyətinə və ictimaiyyətə təsiri, oxumağı təşvik etmək və oxumağı dəstəkləmək üçün hansı tədbirlər və layihələrin mümkünlüyü haqqında QHT sədrlərinin fikirlərini alıb.  

“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev bildirib ki, kitab oxumaq insan həyatında başlıca yer tutur, mütaliə etmək sadəcə vaxt keçirmək deyil, insanı kamilləşdirən, həmçinin özünü tanımaq, dünya görüşünü artırmaq, yaşadığı həyatı daha yaxşı dərk etmək üçün çox vacib vasitələrdən biridir: "Kitablar hər bir oxucu üçün yeni bir dünya açır, fərqli düşünməyə və həyatını düzgün qiymətləndirməyə kömək edir. Kitabları bir neçə qrupa (dərs, bədii, elmi və s... kitablara) bölsək də, hər birinin özünə məxsus yeri var. Dərs kitablarının uşaqların gələcəıyinin formalaşdırılmasına, elmi-texniki kitabların elmin və tərəqqinin inkişafına müsbət təsiri olduğu kimi, bədii kitabların da, qəzet və jurnalların da insanın nitq qabiliyyətinin artırılmasına, düşdüyü mühitdə özünü aparmasına və ən nəhayət cəmiyyətə yararlı və kamil bir insan kimi formalaşmasına çox böyük təsir edir".

Möhübbəli Nağıyev həmçinin bildirib ki, bu bacarıqları isə insanlar oxumaqla əldə edə bilirlər. Onun sözlərinə görə, son zamanlar, insanlarda kitab oxumağa istək azalıb, İKT-nin inkişafı ilə onlar daha çox internet üzərində xəbərlərlə tanış olur və elektron kitabları mütaliə edirlər və ya televiziyalardan özləri üçün zəruri və maraqlarına uyğun məlumatlar alırlar: "Bu vasitələr insanların kitab, qəzet və jurnalları oxumaqla əldə etdikləri effekti və bacarıqları təmin etmir. 2013-2016-cı illərdə Azərbaycan Gənclər Fondunun maliyyə və “Balans” İMİB-nin texniki dəstəyi ilə Şəkidə və Qəbələdə gənc filoloq Aynur Nağıyevanın rəhbərliyi ilə “Gənclər və Kitab” proqramı çərçivəsində “Gənclərin kitaba olan marağının artırılması”, “Gənc Kitab  sevərlər Klubunun təşkili”, “Gənc Kitab sevərlər Klubu üzvlərinin region gəncləri ilə görüşü” və “Gənclərin intellektual bacarıqlarının artırılması” adlı layihələr həyata keçirildi. Tədbirlərə çox sayda gənclər, şair və yazıçılar, elm və mədəniyyət nümayəndələri dəvət olunmuşdular, və tədbirlərdə şair və yazıçılar öz yeni kitablarının və əsərlərinin təqdimatını keçirdilər. Gənclərə öz tövsiyələrini və məsləhətlərini verdilər. Bu layihələr 100-lərlə gəncləri kitab oxumağa və mütaliə etməyə sövq etdi. Bu gün də, insanların mütaliə etməsi üçün belə maarifləndirici tədbirlərin həyata keçirilməsinə çox böyük ehtiyac var. Bununla qeyd etmək istəyirəm ki, oxumaq və daim mütaliə etmək, insanı kamilləşdirir, onun savadlı, dünya görüşlü və intellektual insan kimi yetişməsinə çox müsbət təsir göstərir".

Sonda QHT sədri 25 Aprel OXU günü münasibəti ilə bütün oxucuları təbrik edib.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı