Xəbərlər 25.04.2024 13:48 2278

QHT sədri ilə Beynəlxalq Oxu Günü ilə bağlı MÜSAHİBƏ

QHT.az Beynəlxalq Oxu Günü ilə bağlı “Türk Dünyası İnfo” İctimai Birliyinin sədri Dəyanət Osmanlıdan MÜSAHİBƏ alıb. QHT sədri oxumağın və kitabların önəminə diqqət çəkərək, münasibətini bildirib.

 

QHT.az: Oxumağın təhsildə və insanın həyatında rolu haqqında nə düşünürsünüz?

 

Dəyanət Osmanlı: Oxu Gününün beynəlxalq səviyyədə qeyd olunması bütün sferalarda, o cümlədən təhsil sektorunda xüsusən əhəmiyyətlidir. Formalaşma prosesində olan uşaq, yeniyetmə və gənclər hər cür təsirə açıqdır. Bu mənada oxu vərdişi, mədəniyyəti, zövqü  əsasən orta təhsil dövründə yaranır və getdikcə spesifikləşir. Bir də var oxu meyilləri. Bu meyillər artıq kitablara, mövzulara diqqətlərin yönəlməsi deməkdir. Məhz yeniyetməlik dövründə insan ona lazım olan mövzu və mətnləri bəlirləyir. Zövqünə görə seçdiklərini oxuduqça, paralel olaraq xarakterində də müxtəlif uyğun dəyişikliklər, korrektələr etməyə məcbur olur.  Əlbəttə ki, kitaba, ədəbiyyata münasibət (və münasibətsizlik!) yönləndirmədən çox asılıdır. Orta məktəb sistemində gənclərə oxu vərdişlərin mənimsənilməsində müəllim təsiri mövcuddur: Hər müəllim (evdə isə valideyn) kitaba eyni dərəcədə meyil aşılamağı bacarmır. O üzdən də insan təsirə görə, ya kitaba bağlanır, ya da uzaqlaşır. Bu isə, o vaxtdan fərdin cəmiyyətdə gələcək mövqeyini, yerini təyin edir.

 

QHT.az: İndi dünyada oxumaq və kitablara dəyər vermək haqqında hansı tendensiyalar var?

 

Dəyanət Osmanlı: Oxu Günü kitaba dəyər vermək ideyasından irəli gəlir. İndi dünyada kitab oxumağın, yazmağın maraqları, üsulları da dəyişib. Məsələn, hətta ziyalı insanlar kitabxanalardan az istifadə edirlər, kitab almaqla öz şəxsi kitabxalarını yaradanlar da çox deyil. Yazı texnologiyası isə, kağızdan kompyuter ekranına, qələmdən klaviaturaya keçid prosesini qəbul etmiş durumdadır. Qloballaşmanın  tələblərinə görə, qısa, informasiya xarakterli mətnlərə üstünlük verilir. Amma parodoks bundadır ki, kompyuter, internet media resurslarından əvvəlki dönəmlərdə kitaba maraq çox , nəşrlər, mövzular azlıq təşkil edirdi. İndi isə, əksinədir, daha çox miqdarda, mövzuda kitablar nəşr olunur, amma maraq əvvəlki səviyyədə deyil. Bədii ədəbiyyata gəldikdə, insanlar bu gün mənəvi məsələləri, təbii hiss və duyğuları təcəssüm etdirən mövzu və janrlardan üst düzey elementlərə, detektivə, kriminal, psixoloji,  astroloji düşüncəyə doğru sürətlə uzaqlaşırlar. Düşünürəm, gələcəkdə  süni intellekt bədii ədəbiyyat sahəsini də öz missiyasına daxil edəcək.

 

QHT.az: Oxumağın mədəniyyətə, insanların düşünmə qabiliyyətinə və ictimaiyyətə təsiri barədə nə düşünürsünüz?

 

Dəyanət Osmanlı: Kitabdan, oxumaqdan başqa, hazırda mədəni inkişafda, düşüncə səviyyəsinin formalaşmasında insanın təmsil olunduğu mühitin də ciddi rolu var. Hətta bu məsələdə bəzi hallarda mühitin təsiri ön plana keçir. Eyni zamanda səviyyəli mühitin təsiri ilə də insanın kitabla ünsiyyətə  meyli və ehtiyacları arta bilər. Və sözsüz ki, səviyyəli mühitin ictimai rəyə təsirləri  həmişə aktual olub. Oxumağı təbliğ etməkdən öncə  yaxşı kitablar yazılmalıdır. Sonra o kitabları oxumaq tövsiyəsi və təbliğat işi görülməlidir.  Kitab çapının kütləviləşdiyi bir zamanda oxucunun seçim məsələsində tərəddüdlər də mövcuddur. Bu isə, dediyim kimi, ilkin zövqün formalaşmasından və inkişaf səviyyəsindən asılıdır. Kitab təbliğatı işini az sayda nəşriyyatlar özləri, çox halda müəlliflər, münasibətlər yerinə yetirirlər. Sosial media hər cür fikrə açıq olduğuna görə,  burada yaxşının da pisin də yaxşı təbliğatı gedir, yaxud əksinə. Oxu seçimində tərəddüd yaradan əsas amillərdən biri budur.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı