Xəbərlər 29.04.2024 16:16 1914

Aztəminatlı qadınların özünüməşğulluq proqramlarına qoşulmasına dəstək təlimləri- FOTOLAR

"Regionlarda sosial təminat hüquqlarına çatımlılığın yaxşılaşdırılması" təşəbbüsü çərçivəsində Ağdam və Tərtərdə aztəminatlı, işsiz, məcburi köçkün və digər səbəblərdən həssas vəziyyətdə olan qadınların öznünməşğulluğuna dəstək məqsədilə təlimlər keçirilib.

QHT.az xəbər verir ki, İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB-nin 10-13 aprel tarixlərində Ağdamda, 23-26 aprel tarixlərində isə Tərtər bölgəsində təşkil etdiyi təlimlərdə ümumulikdə 31 qadın iştirak edib. "Öz biznesinə başla" konsepsiyası əsasında qurulmuş təlimin məqsədi qadınların gəlir və dolanışıq vasitələrinə çıxış imkanını artırmaq, ailə biznesinin təşkilinə və dövlət özünüməşğulluq proqramında uğurlu iştirakına yardım göstərmək idi.

Hər biri 4 gün davam edən təlimlər iştirakçılara öz gələcək biznes ideyalarını formalaşdırmağa və ya təkmilləşdirməyə, proqrama daxil edilmiş mövzular üzrə ilkin biliklərini inkişaf etdirməyə imkan verib. Təlim nəticəsində iştirakçılar biznes planın hazırlanması üzrə bacarıq və səriştələrə yiyələnib, biznes planların ilkin layihəsini hazırlaya biliblər. Onlar həmçinin dövlət özünüməşğulluq proqramının təqdim etdiyi imkanlar, proqrama qoşulmaq üçün tələblər, qeydiyyat və digər prosedurlar haqqında məlumatlar əldə edib, çoxsaylı suallarına cavab tapıblar.

Növbəti mərhələdə layihə komandasının mentor dəstəyilə həmin biznes plan layihələri daha da təkmilləşdiriləcək, iştirakçıların dövlət özünüməşğulluq proqramında qeydiyyatına yardım göstəriləcək. Təşəbbüs çərçivəsində həmçinin seçilmiş bir neçə iştirakçının öz ailə biznesinə başlamalarına dəstək məqsədilə ilkin avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub. 

Bu təlimlər "PI Consulting" MMC-nin icraçı dəstəyilə İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İB-nə məxsus "Regionlarda sosial təminat hüququna çatımlılığın yaxşılaşdırılması" təşəbbüsü çərçivəsində baş tutub. Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə icra edilən bu təşəbbüs Ağdam və Tərtər bölgələrində sosial təminat hüququ və sosial müdafiə proqramlarına dair məlumatlılığın artırılması, pulsuz hüquqi yardım, özünüməşğulluğa dəstək fəaliyyətlərini əhatə edir.

 

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı