Maarifləndirici tədbirdə Vətən müharibəsindəki milli birliyimizdən fəxrlə bəhs edilib - FOTOLAR
Artıq xeyli vaxtır ki, “Yeni Fikir” JHİB Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşən “Vətəndaş həmrəyliyinin gücləndirilməsi” layihəsinin fəaliyyət planına uyğun olaraq Qax, Zaqatala və Balakən rayonlarında maarifləndirici tədbirlər həyata keçirir.
QHT.az xəbər verir ki, bu barədə İctimai Birliyin sədri və layihənin rəhbəri Elmira Mehdiyeva məlumat verib. Onun sözlərinə görə, layihənin tədbirləri haqqında mütəmadi olaraq məlumatlar paylaşılır. Bu tədbirlərdə artıq 200-ə yaxın yeniyetmə və gənc iştirak edib. Növbəti “Dəyirmi masa” Qax rayonunun Ləkit kəndində baş tutub. Kəndin yeniyetmə və gənclərinin iştirakı ilə keçirilən bu tədbiri açan layihə rəhbəri E.Mehdiyeva layihənin məqsədi barədə məlumat verərək bildirib ki, 2020-ci ildə, 44 günlük müharibədə xalqların birliyi ilə əldə edilən Qələbəni təbliğ etmək vətəndaş cəmiyyəti kimi biz QHT-lərin borcudur. Qələbə hazırkı mərhələdə yeni çağırışlar və vəzifələr müəyyənləşdirib. Bu çağırış və vəzifələrin əksəriyyəti gənclərə aiddir. Yeni milli intibahımızın və yeni qələbələrimizin memarı, ideyavericiləri və icraçıları onlar olacaqlar.
Tədbir öz işinə başlayınca əvvəl iştirakçılar şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.
Qax Rayon İcra Hakimiyyəti başçısının Ləkit kəndi üzrə ərazi nümayəndəsi Təhminə Ağayeva İştirakçıları və qonaqları salamlayır. O qeyd edir ki, 44 günlük müharibədə Ləkit kəndindən 2 nəfər şəhidlik zirvəsinə yüksəlib. Bu müharibədə bir xalq olaraq birliyimizi bütün dünyaya nümayiş etdirdik. Oru-dövlət-xalq birliyi bir gücə çevrildi.
Ekspert İbrahim İbrahimov öz çıxışında deyir: "Bu müharibə Azərbaycan xalqının istəyi, milli birliyi ilə başladı. Ali baş komandan 2016-cı ilin Aprel döyüşlərindən sonra əmin oldu ki, Azərbaycan cəmiyyəti döyüşə hazırdır, Azərbaycan ordusu bu döyüşü aparmaq və düşməni məğlub etmək iqtidarındadır. Azərbaycanda milli ruhlu, vətənini sevən, onun uğrunda ölümə belə hazır olan bir gəncliyin yetişməsi artıq bu addımın atılmasını reallaşdırmışdı. Biri-birinin ardınca azad edilən torpaqlarımız bizlərə qələbə sevinci yaşatdı və biz gəncliyimizlə qürur duyduq. Onlar milli birlik nümayiş etdirdilər və Ali Baş Komandanın ətrafında sıx birləşdilər".
Tədbirdə çıxış edənlərdən rəssam Rövşən Şirinov, şəhid anası Ruhiyyə Məhərrəmova, kənd mədəniyyət evinin müdiri Saniyyə Əsgərova, Vəfa Abışova və başqaları son illərdə baş verənlərin Azərbaycan tarixinin ən şərəfli səhifələri olduğunu vurğuladılar. Bu qələbə bizim əyilən qəddimizi düzəltdi, başımızı bütün dünyanın qarşısında uca etdi. Ona görə də, bu qələbəmizdən hər gün, hər an bəhs etməkdən yorulmamalıyıq. Onu gələcək nəsillərə ötürməyi bacarmalıyıq. Unutqanlıq hissindən uzaq olmalıyıq. Bu gün bu şanlı qələbəni əldə möhkəm saxlamağın bir yolu var, o da, birliyimiz, düşmənə olan nifrətimiz, öz gücümüzə inamımızdır.
Tədbir çay süfrəsi arxasında, qələbədən sonra yaşadığımız məmnuniyyət hissinin bizlərə verdiyi fərəhdən ətraflı söz açmaqla davam edir.