İnkişaf Təşəbbüsləri İctimai Birliyi layihə çərçivəsində növbəti tədbirini keçirib - FOTOLAR
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İnkişaf Təşəbbüsləri” İctimai Birliyi “Bərdə və Göygöl rayonlarında məişət zorakılığı ilə mübarizə” adlı layihə çərçivəsində 11.07.2024-cü il tarixdə Bərdə rayon Qadın Resurs Mərkəzində növbəti tədbirini keçirib.
QHT.az xəbər verir ki, tədbirdə İnkişaf Təşəbbüsləri İctimai Birliyinin sədri, layihə rəhbəri Ziba Quliyeva, ekspert Şərqiyyə Dadaşova və icma üzvləri iştirak etdilər. Layihə rəhbəri Z.Quliyeva layihənin məqsədi və donor təşkilat haqqında ətraflı məlumat verdi. Layihənin eksperti Ş.Dadaşova məişət zorakılığı və onun növləri, məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının 22 iyun 2010-cu il tarixli qanunu barədə geniş təqdimat etdi. Məişət zorakılığının qarşısının alınması sahəsində əsas prinsiplər, bu Qanunun şamil edildiyi şəxslər, məişət zorakılığı barədə şikayətlərə baxan dövlət orqanları və digər maddələr barədə geniş məlumat verildi.
Tədbirdə Səmədova Şəlalə, Əzimova Əfşan, İsayeva Ayşən və digər iştirakçılar mövzu ətrafında çıxış edərək məişət zorakılığının qarşısının alınması ilə bağlı təkliflərini bildirdilər. Mövzu ətrafında müzakirələr aparıldı. İştirakçıların sualları cavablandırıldı. İştirakçılardan Ə. Məmmədova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və İnkişaf Təşəbbüsləri İB-nə təşəkkür etdi. Yekunda qiymətləndirmə aparıldı.
Layihə rəhbəri Z. Quliyeva tədbirin uğurlu alınmasında dəstəyinə görə Bərdə Rayon İcra hakimiyyətinin başçısı cənab Vidadi İsayevə, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Səbuhi Qasımova minnətdarlığını bildirdi.