Xəbərlər 30.09.2024 17:28 2166

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına sədr seçilib

Cəlil Xəlilov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına sədr seçilib

 

30 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının XI plenumu keçirilib. 
Təşkilatdan verilən xəbərə görə, plenumda Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Elvin Əzizov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general Habil Nağıyev və digər şəxslər iştirak edib.
Əvvəlcə Dövlət himnimiz səsləndirilib, Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi, təşkilatın mərhum sədri, “İstiqlal” ordenli Fatma Səttarovanın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Plenumda təşkilatın ötən dövrdəki fəaliyyəti ilə bağlı hesabat dinlənilib, qarşıda duran vəzifələr müzakirə edilib, yeni sədrin seçilməsi, eləcə də Nəzarət-Təftiş Komissiyasının tərkibinin təsdiq edilməsi gündəmə çıxarılıb.
Plenumda polkovnik Cəlil Xəlilov yekdilliklə təşkilatın sədri seçilib. 
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nəzarət-Təftiş Komissiyasının tərkibi təsdiq edilib.

Məlumat üçün bildirək ki, Cəlil Malik oğlu Xəlilov 9 avqust 1958-ci ildə Masallı rayonunun Köçəkli kəndində anadan olub.

O, 1982-ci ildə Simferepol Ali Hərbi Siyasi Məktəbini bitirib, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlayıb. 1985-1987-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət edib. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin hüquq fakültəsini (qiyabi) bitirib.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında siyasi elmlər üzrə namizədlik dərəcəsi alıb, Akademiyanın dosentidir.
1987–2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edib.
O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi var. C.Xəlilov ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. 
Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibələri veteranıdır. Uzun illər Respublika Veteranlar Təşkilatının sədr müavini vəzifəsində çalışıb. Rusiya Federasiyası, Müstəqil Dövlətlər Birliyi Veteran Təşkilatlarının Əlaqələndirmə Şurasının Plenum üzvü, "Qaliblərin varisləri" Beynəlxalq Təşkilatın Azərbaycandakı nümayəndəsi, MDB veteranlar təşkilatlarının və Dünya Veteranlar Federasiyasının fəxri üzvüdür. Xidmət dövründə Azərbaycanın və digər ölkələrin medalları və ordenlərilə təltif edilib. C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini kimi Azərbaycanı xarici ölkələr, o cümlədən MDB məkanında layiqincə təmsil edib, onların müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəməmişdir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür.
Cəlil Xəlilov həmçinin, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan "Milli təhlükəsizlik strategiyası" dərsliyi və proqramının, eyni zamanda 7 elmi kitabın və 50-dən çox elmi məqalənin müəllifidir.
Cəlil Xəlilovun dövlətimizə göstərdiyi xidmətlər  həmişə yüksək qiymətləndirilib. “Mehdi Hüseynzadə” medalı, “Alyans”ın fəxri döş nişanı, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)” yubiley medalı və digər təltiflərə layiq görülüb.

 

Akif AĞAYEV

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı