14 mart – Beynəlxalq Çaylar Günü: QHT sədri çayların ekoloji problemlərindən danışdı
14 mart – Beynəlxalq Çaylar Günü dünyada çayların ekoloji problemlərinə diqqət çəkmək və su hövzələrinin qorunması istiqamətində ictimaiyyəti maarifləndirmək məqsədi daşıyır. İqlim dəyişikliyi və insan fəaliyyəti nəticəsində ölkəmizdəki çayların ekoloji durumu ciddi problemlərlə üzləşməkdədir.
Bəs ölkəmizdəki çayların ekoloji durumu nə yerdədir? Çayların çirklənməsinin qarşısını almaq üçün əhali və sahibkarlar arasında ekoloji məsuliyyətin artırılması istiqamətində hansı addımlar atılmalıdır?
Bu barədə QHT.az-a açıqlama verən "Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova bildirib ki, Azərbaycanın ümumi su ehtiyatları 30-31 kub kilometr təşkil edir ki, bunun 2/3 hissəsi qonşu ölkələrdən gələn çayların payına düşür. Onun sözlərinə görə, ölkəmizin əsas çayları – Kür və Araz çaylarının aşağı axında yerləşməsi su təminatı ilə bağlı problemləri artırır. Çaylardan həddindən artıq və nizamsız istifadə, Ermənistan ərazisindən gələn çayların çirklənməsi, eləcə də təmizləyici qurğuların çatışmazlığı ölkəmizdə su hövzələrinin ekoloji vəziyyətini daha da pisləşdirir:
"Ən böyük problem ondan ibarətdir ki, bu çaylardan axdıqları ərazilərdə kortəbii şəkildə, kim necə istəyirsə elə də istifadə edir. Kür çayının geniş istifadəsi Gürcüstan ərazisindən başlayır. Bu səbəbdən də çay öz sularını Mingəçevir su anbarına çatdıra bilmir. Yaxın gələcəkdə bu çaylardan istifadə nizamlanmasa, içməli su ilə bağlı ölkəmizin vəziyyəti daha da pisləşə bilər. Kür və Araz çaylarının digər qollarından (Ağstafaçay, Həsənsu, Axınca, Tovuz, Arpa, Bazarçay) geniş istifadə edilir. Bu çayların hamısı öz başlanğıcını Ermənistan ərazisindən götürür və üzərində Ermənistan ərazisində su anbarları tikilib. Yalnız su buraxıcı qurğular sərhəd ərazisində yerləşir ki, bu da suyun israfına yol açır. Gələcəkdə bu, suyun azalmasına səbəb olacaq və hətta su anbarlarında da su qıtlığı yaranacaq."

Daha vacib bir problem isə istər tranzit, istərsə də daxili çayların həddindən artıq çirklənməsidir. Çaylarda zərərli üzvi maddələrin miqdarı qəbul edilən həddən 20 dəfə, neft məhsulları 330 dəfə, digər kimyəvi elementlər isə 10 dəfə artıqdır. Təkcə Kür çayına Gürcüstan ərazisində üç milyon kubmetrə qədər çirkab sular axıdılır. İradə Həsənova qeyd edib ki, Ermənistan ərazisində kəskin çirklənməyə məruz qalan çaylardan biri də Okçuçaydır. Sənaye tullantılarının axıdılması nəticəsində çayın suyu o səviyyədə zəhərlənib ki, burada heç bir canlı belə yaşamır:
"Bundan başqa, Azərbaycan ərazisindən kənarda formalaşan üçüncü böyük çay Samur çayıdır. Bu çay iki böyük qola bölünərək Xəzər dənizinə tökülür və Azərbaycanın içməli su ehtiyatı kimi əsas çaylardan biri hesab edilir. Eyni zamanda, Dağıstanla Azərbaycan arasında sərhəd rolunu oynayır. Hazırda iqlim dəyişikliyi və insan faktoru ölkəmizdəki çayların çirklənməsinə səbəb olur. Bir çox şəhərlərdə təmizləyici qurğuların olmaması çayların və onların qollarının tullantı suları ilə daha da çirklənməsinə gətirib çıxarır. Hazırda respublikamızda Kür çayı hövzəsində yerləşən şəhər və rayonlarda kanalizasiya qurğularının yenidən qurulması, tullantı su təmizləyici qurğuların tikilməsi istiqamətində bir çox layihələr həyata keçirilir".
İradə Həsənova bildirib ki, çayların çirklənməsinin qarşısını almaq üçün ekoloji statuslu QHT-lər və vətəndaş cəmiyyəti daha aktiv fəaliyyət göstərməlidir:
"Təəssüf ki, çayların çirklənmədən qorunması ilə bağlı 12-ci ildə Helsinki aktına bir çox ölkələr, xüsusən də Ermənistan qoşulmayıb. Çayların gündəlik həyatımızda nə qədər mühüm əhəmiyyət kəsb etdiyini cəmiyyətə anlatmaq üçün hər il 14 martda Beynəlxalq Çaylar Günü qeyd olunur. Bu ekoloji təqvim 1998-ci ildə təsis edilib. Hər il bu gün münasibətilə müxtəlif tədbirlər və aksiyalar keçirilir. Çayların mühafizəsi və qorunması istiqamətində həm əhali, həm də müəssisə və təşkilatlar, o cümlədən QHT-lər mühüm rol oynamalıdır. Çayların ekoloji durumunun yaxşılaşdırılması üçün real addımlar atılmalı, yerli sahibkarlar arasında ekoloji maarifləndirmə işləri aparılmalıdır. Unutmaq olmaz ki, respublikamızın çaylarının suyu hər birimizin evindən və yaşayış yerindən axır."
Pərvanə Fərhadqızı
QHT.az