Fransanın “nüvə çətiri” Avropanı qoruya bilərmi?
Fransanın “nüvə çətiri”nin genişləndirilməsi ideyası Trampın ABŞ-ın Avropa təhlükəsizliyinin əsas qarantı rolundan imtina etmək istəməsindən sonra aktuallaşıb.
QHT.az xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron Avropa liderləri ilə ölkəsinin nüvə arsenalının Rusiyanın mümkün təcavüzünün qarşısını almaq üçün istifadə edilə biləcəyini müzakirə edir. Financial Times-ın məlumatına görə, bu ideya ABŞ-ın Avropanın təhlükəsizliyindəki rolunu azaltmaq istəyindən sonra aktuallaşıb. Ekspertlər Fransanın 300 nüvə döyüş başlığının bütöv Avropa üçün yetərli olmadığını bildirirlər. Müqayisə üçün ABŞ-da 5000, Rusiyada isə 5580 döyüş başlığı var.
Eyni zamanda, Fransa NATO-nun Nüvə Planlaşdırma Qrupunda iştirak etmir. Ekspertlər bu qrupa qoşulmağın Fransa və Britaniyanın nüvə doktrinalarını uyğunlaşdıracağını və Rusiyaya NATO-nun ABŞ olmasa belə güclü qalacağı mesajını verəcəyini bildirirlər. Bəzi təkliflərə görə, Fransa nüvə təlimlərini genişləndirə, Rafale qırıcılarını Polşada yerləşdirə və NATO-nun nüvə planlaşdırma qrupunda müşahidəçi qismində iştirak edə bilər. Ancaq ekspertlər qeyd edirlər ki, Avropa ABŞ-ın nüvə çətirini təkrarlamaq əvəzinə yeni bir təhlükəsizlik modeli yaratmalıdır.
R.İmanov