Xəbərlər 02.04.2025 09:40 3861

2 Aprel – Dünya Autizm Məlumatlandırma Günü: QHT psixoloqu vacib məqamlara diqqət çəkir

2 Aprel – Dünya Autizm Məlumatlandırma Günü kimi qeyd edilir. 

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin Psixoloqu Samirə İsmayılova QHT.az-a açıqlamasında autizmli uşaqların cəmiyyət tərəfindən daha çox diqqət və qayğıya ehtiyac duyduğunu bildirib:

"Əgər uşağa autizm diaqnozu qoyulubsa, əsas məsələ bu informasiyanın gizlədilməməsidir. Autizmi olan uşaqlar daha çox xoşagəlməz hadisələrlə rastlaşırlar. Bu kimi insanlara daha çox diqqət yetirmək lazımdır. Onların üzərində ev ünvanı, telefon nömrəsi qeyd olunmalıdır. GPS proqramı hər an aktiv olmalıdır. Bu insanlara suda üzməyi mütləq öyrətmək lazımdır. Onlara təkcə evdə deyil, məktəbdə də diqqətlə yanaşmaq vacibdir.”

Psixoloq cəmiyyətdə autizmli uşaqlara qarşı bəzi yanlış yanaşmaların olduğunu da vurğulayıb:

"Çox insanlar düşünür ki, autizm sindromu olanlar yalnız inklüziv təhsil almalıdır və qalan vaxtlarını yalnız evdə keçirməlidirlər. Halbuki uşağın müalicəsi təkcə tibb müəssisəsində deyil, evdə, bağçada, məktəbdə, küçədə də aparılmalıdır. Çünki bu müalicə uzun çəkə bilər və bu da valideynin psixikasına mənfi təsir göstərə bilər.”

Samirə İsmayılova qeyd edib ki, ASP müalicəsi çox uzun və məsuliyyətli bir prosesdir. Autizmin müalicəsində Türkiyə, Hollandiya və Almaniya kimi ölkələr yüksək uğur əldə edib. Gürcüstanda fəaliyyət göstərən “Mardaelişvili Medikal Centre” klinikası isə kök hüceyrə müalicəsi tətbiq edir və nəticələrin bir seansdan sonra özünü göstərdiyi bildirilir:

"Son illərdə Azərbaycanda da özəl bağçalar və reabilitasiya mərkəzləri açılıb. Lakin reabilitasiya mərkəzlərinin lazımi avadanlıqlarla təmin olunması və peşəkar mütəxəssislərlə komplektləşdirilməsi məsələsində müəyyən problemlər mövcuddur. Autizmli insanların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün statistik məlumatların toplanması, dövlət proqramlarının qəbul edilməsi və kadr hazırlığı məsələsinə xüsusi diqqət yetirilməsi vacibdir".

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı