“Səhiyyə sistemində aparılan auditlərlə eyni növ pozuntuların şahidi oluruq” - Müşfiq Məmmədli / VİDEO
Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən növbəti plenar iclasda spiker Sahibə Qafarovanın sədrliyi ilə bir sıra aktual məsələlər müzakirə edilib.
QHT.az xəbər verir ki, iclasda çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Müşfiq Məmmədli Hesablama Palatasının 2024-cü ildəki fəaliyyəti və səhiyyə sahəsində aparılan uyğunluq auditlərinə münasibətini bildirib. Deputat vurğulayıb ki, ali audit orqanı kimi Hesablama Palatası 2024-cü ildə səmərəli və çoxşaxəli fəaliyyət göstərib, dövlət qurumlarında şəffaflığın artırılması və büdcə vəsaitlərinin səmərəli xərclənməsi istiqamətində mühüm addımlar atıb:
"Büdcə xərcləmələrində şəffaflığın artırılması və dövlət təşkilatlarının effektiv fəaliyyət göstərməsi istiqamətində səmərəli təkliflərin irəli sürülməsində Hesablama Palatası fəaliyyətinin və keçirdiyi auditlərin önəmli olmasını qeyd etməliyik. Xüsusən büdcə vəsaitlərinin klassik sərəncamcısı kimi Səhiyyə Nazirliyində və tabeli qurumlarda, buraya publik hüquqi şəxslər də daxildir keçirilən auditlərdə çox praktik və gələcək risklərin qarşısının alınması istiqamətində irəli sürülən təkliflərin şahidi oluruq. Səhiyyə islahatları kontekstindən yanaşdıqda yeni idarətmə modellərinin və icbari sığortanın tətbiq olunduğu TƏBİB və digər tabeli publik hüquqi şəxslər xüsusi olaraq diqqəti cəlb edir. Son illərdə Sumqayıt Tibb Mərkəzi, Gəncə birləşmiş xəstəxanası və Kliniki Tibbi Mərkəzdə aparılan uyğunluq auditi nəticəsində bir-birini təkrarlayan, mahiyyətcə eynilik təşkil edən pozuntuların şahidi oluruq".
Daha ətraflı videoda:
Pərvanə Fərhadqızı