İsraildə yaşayan tələbə-müğənni Layla Valayevanın konsert-təqdimatı keçirildi - FOTOLAR
Aprelin 30-da “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin “Gənclərə Dəstək” layihəsi çərçivəsində İsraildə yaşayan tələbə-müğənni Layla Valayevanın konsert-təqdimatı keçirilib. Tədbir mədəniyyətimizin təbliği, gənc istedadların tanıdılması və onların yaradıcılıq təşəbbüslərinə dəstək məqsədilə təşkil olunub.
QHT.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Laylanın müəllimi, eyni zamanda “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri Fəridə Mirişova iştirakçıları salamlayaraq, layihənin məqsədi və əhəmiyyəti barədə məlumat verib. O, Layla Valayevanı istedadlı, çalışqan və mədəniyyətə bağlı bir gənc kimi səciyyələndirərək onun uğurlarının gələcəkdə daha geniş auditoriyaya yayılacağına inandığını bildirib. Fəridə Mirişova çıxışında vurğulayıb ki, birlik olaraq daim gənclərin yanında olmuşlar və onların inkişafına dəstək vermək əsas prioritetlərdəndir.
Konsert proqramı Laylanın Azərbaycan və İvrit dillərində ifa etdiyi musiqi nömrələri ilə davam edib. Milli musiqilərimizlə yanaşı, İsrail musiqi nümunələrinin də səsləndiyi konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Laylanın səhnədə sərgilədiyi özünəinam, səmimiyyət və yüksək peşəkarlığı tədbirə xüsusi rəng qatıb.
Tədbirdə iştirak edən tanınmış elm və sənət xadimləri də çıxış edərək Layla Valayeva haqqında xoş sözlər səsləndiriblər. Onlar onun təkcə ifaçılıq bacarığını deyil, həm də Azərbaycan mədəniyyətinə olan sevgisini və bu sevgini İsraildə uğurla təbliğ etməsini yüksək dəyərləndiriblər. Qonaqlar Laylanın musiqi təhsilində və inkişafında mühüm rol oynayan müəllimi Fəridə Mirişovaya da təşəkkürlərini bildirərək, belə müəllimlərin gənclər üçün ilham mənbəyi olduğunu vurğulayıblar.
Layla Valayeva da öz çıxışında tədbirin təşkilinə görə "İz" Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinə və başda müəllimi Fəridə Mirişova olmaqla ona dəstək olan anası və İsraildə onun layihələrinin rəhbəri olan, Donna Qrasiya Diplomatiya mərkəzinin sədri və AZİZ təşkilatın vitse prezidenti Səadət Şükürovaya təşəkkür edib. O, xaricdə yaşasa da, milli dəyərlərimizi və Azərbaycan musiqisini yaşatmaqdan qürur duyduğunu bildirib.
Sonda Laylaya “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən təşəkkürnamə təqdim olundu.
Bu cür təşəbbüslər gənc nəslin yaradıcılığını dəstəkləməklə yanaşı, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasına da mühüm töhfə verir.