Azərbaycanın QHT nümayəndəsi beynəlxalq paneldə moderatorluq etdi - AÇIQLAMA / FOTOLAR
“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədr müavini Nədimə Rəhimli beynəlxalq platformada Azərbaycanı təmsil edib.
O, “Dəyişikliyə istiqamət verən QHT-lər: Qlobal Cənub QHT Platforması çərçivəsində Qlobal Cənubda Dayanıqlı İnkişaf Məqsədlərini (DİM) gücləndirmək” adlı panelin moderatoru kimi çıxış edərək, mövzu üzrə müzakirələrə rəhbərlik edib.
Tədbirdə Asiya, Afrika və Latın Amerikasından olan 7 müxtəlif ölkənin qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib. Müzakirələr zamanı Qlobal Cənub ölkələrində sosial bərabərsizliyin azaldılması, təhsilə çıxış, ekoloji davamlılıq və qadınların hüquqlarının müdafiəsi kimi əsas DİM-lər üzrə görülən işlər və qarşıda duran çağırışlar müzakirə olunub.
Nədimə Rəhimli çıxışında Azərbaycanın bu istiqamətdə əldə etdiyi uğurlar, vətəndaş cəmiyyəti institutlarının proseslərdə fəal rolu və dövlət-QHT əməkdaşlığının gücləndirilməsi barədə məlumat verib. O, vurğulayıb ki, ölkəmizdə QHT-lər BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədinin reallaşmasına öz töhfələrini verməkdədirlər.
Pərvanə Fərhadqızı