Salyanda COP29-un qlobal missiyaları təqdim olundu: QHT-dən ekoloji maarifləndirmə təşəbbüsü
"Ana Kür" Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi Əliağa Kürçaylı adına məktəb- liseydə Cop29-un qlobal missiyaları təşviq edib.
QHT.az xəbər verir ki, bu barədə İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov məlumat verib. Onun sözlərinə görə, “Ana Kür” Ekoloji Problemlərin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Cop29-un qlobal missiyalarının yerlərdə təşviqi” layihəsinin növbəti tədbirinin Salyanda şair, təbiət vurğunu Əliağa Kürçaylının adını daşıyan texniki fənlər təmayüllü məktəb liseydə təşkil edilməsi heç də təsadüfü olmamışdır. Kür çayının adını özünə təxəllüs götürmüş şairin əsərlərini, xüsusən doğma çaya, kəndlərimizin gözəlliyinə, Azərbaycanımızın təbiətinə aid çoxlu sayda şeirlərini burada hamı sevir və təbliğ edir. Məktəb-liseyin qarşısında şairə qoyulmuş abidə də onun əziz xatirəsinə bir ehtiramdır. Kür çayına yaxın ərazidə yerləşən məktəb- liseydə keçirilən dəyirmi masada rayonda fəaliyyət göstərən ictimai şuranın üzvləri, ziyalılar, QHT və media təmsilçiləri, təhsil ocağının müəllimləri, şagirdlər və şəhər sakinləri iştirak etmişlər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalmış oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. “Ana Kür” İctimai Birliyinin sədri, layihə rəhbəri Rüstəm Məlikov icra olunan layihənin ideya və məqsədləri, gözlənilən nəticələr və indiyə kimi görülmüş işlər barədə barədə məlumat vermişdir.
Sonra Salyan Rayon Ziyalılar Birliyinin sədri, Əməkdar müəllim Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının sədrı, veteran müəllim Məhəmməd Ağayev, məktəb-liseyin Əməkdar coğrafiya müəllimi Şəhla Rəhimova, liseyin şagirdi İslam Əbilov və başqaları çıxış edərək ötən Bakı şəhərində keçirilən COP29-un əhəmiyyətindən, Azərbaycanın bu möhtəşəm tədbiri yüksək səviyyədə təşkil etmək bacarığından, həmçinin BMT-nin sonuncu COP-nun nəticələrindən və miras qoyduğu qlobal çağırışlardan danışmışlar. Çıxış edənlər dünyanın bir parçası olan Azərbaycanda, o cümlədən Salyan rayonunda Kür çayı ərazisində mövcud ekoloji COP29-un çağırışları kontekstindən müzakirə etmiş və bu beynəlxalq konfransın çağdaş təbiəti qorumaq missiyasının təşviq edilməsi üçün qarşıda duran ictimai vəzifələrdən danışmışlar.
Dəyirmi masa çay süfrəsi arxasında diskussiya şəraitində davam etdirilmişdir.