Bu yaxınlarda bir övlad dünyaya gəldi… Vaxtından əvvəl. İki qolu olmadan.
Və bəlkə də bu cümlənin özü belə insanın ürəyini sıxmağa kifayətdir.
Daha ağrılısı isə odur ki, həmin körpənin anası ondan yazılı şəkildə imtina etdi.
Bu qərarı vermiş bir ananın içindən nələr keçdiyini heç birimiz bilə bilmərik.
O ilk anı…
“Necə olacaq?”
“Onu necə böyüdəcəyəm?”
“İnsanlar ona necə baxacaq?”
“Gələcəyi necə olacaq?”
“Bacara biləcəyəmmi?”
— deyə insanın içində bir-birinə qarışan minlərlə sualı…
Bəlkə qorxdu.
Bəlkə özünü çarəsiz hiss etdi.
Bəlkə gələcək gözündə böyük, qaranlıq bir bulud kimi göründü.
Və mən düşünürəm ki, heç birimiz o ananın yaşadığı hissləri tam anlaya bilmərik.
Amma belə bir vəziyyətlə üzləşmiş başqa bir valideyn bizə göstərdi ki, o qaranlıq buludun arxasında həqiqətən də günəş var.
O da bir zamanlar “Nə olacaq? Necə olacaq?” sualları ilə boğuşmuşdu. Qorxmuşdu. Çarəsiz hiss etmişdi. Amma sonra Allah-Təaladan aldığı güclə övladından bərk-bərk yapışdı və onu həyatın qarşısında başı dik dayanan, sayılıb-seçilən bir fərd kimi böyütdü.
Bu gün həmin övlad uğurlu taekvandoçudur.
Fərid müəllimin yetişdirdiyi güclü bir idmançıdır.
Paralimpiyanın dəstəyini də hiss edib, hətta ən böyük dəstəkçiləridir.
Dostları arasında hörmət sahibidir.
Ən gözəli isə budur: insanlar onunla ilk növbədə əlilliyi olan bir insan kimi deyil, bir insan kimi davranırlar.
Çünki bəzən biz bir uşağın gələcəyini onun bu gün sahib olmadığı bir şeylə ölçürük. Halbuki onun sabah nələrə sahib ola biləcəyini bilmirik.
Bəli, valideyn qorxa bilər.
Hətta tam sağlam övlad dünyaya gətirən ana belə qorxur. Çünki valideyn olmaq bir az da gələcəyi düşünmək, bilmədiyin sabahlardan narahat olmaqdır.
Amma gəlin həmin qorxunun içində olan valideyni tək buraxmayaq.
Gəlin ona “Sən bacarmayacaqsan” demək əvəzinə, “Sən tək deyilsən” deyək.
Gəlin ona övladının gələcəyinin bu gün gördüyündən daha böyük olduğunu göstərək.
Gəlin onun qorxularının əslində keçib gedəcək bir bulud olduğunu, buludların arxasında isə günəşli günlərin olduğunu xatırladaq.
Bəlkə biz bir ananın yerinə qərar verə bilmərik.
Bəlkə onun ağrısını tam anlaya bilmərik.
Amma onun əlindən tuta bilərik.
Ona ümid verə bilərik.
Ona inam aşılaya bilərik.
Övladının gələcəyinə birlikdə inana bilərik.
Çünki bəzən bir uşağın həyatını dəyişmək üçün möcüzə lazım deyil.
Bir insanın ona inanması kifayətdir.
Və mən inanıram ki, biz bunu bacara bilərik.
Bir uşağın gələcəyinə qorxu ilə yox, ümidlə baxmağı birlikdə öyrədə bilərik.
Çünki hər qaranlığın sonunda bir səhər var.
Hər buludun arxasında günəş var.
Və hər uşağın yazılmamış bir hekayəsi var.
Bəlkə də həmin hekayənin ən gözəl səhifələri hələ qarşıdadır.






