Bakıda kirayə mənzil qiymətlərinin yüksək olması tələbələr üçün əsas problemlərdən birinə çevrilib. Xüsusilə universitetlərin yerləşdiyi ərazilərdə qiymətlərin baha olması tələbələri ya bir neçə nəfərlə birlikdə ev kirayələməyə, ya da universitetdən daha uzaq ərazilərdə yaşamağa məcbur edir. Bəzi tələbələr isə daha ucuz qiymətə ev tapdıqları üçün yay tətilində həmin mənzillərdən istifadə etməsələr belə, kirayə haqqını ödəməyə davam edirlər. Bu isə tələbələrin faktiki yaşamadıqları aylarda da əlavə xərc çəkməsinə səbəb olur.

Elmlər Akademiyası ərazisində yaşayan tələbələrdən biri bildirir ki, burada münasib qiymətə mənzil tapmaq olduqca çətindir. Onun sözlərinə görə, kirayə qiymətləri mənzilin metroya yaxınlığından da asılı olaraq dəyişir.

“Ümumiyyətlə, kirayə evlər çox bahadır. Qiymətlər metroya yaxın və ya uzaq olmasından asılı olaraq dəyişir. Elmlər ərazisində 500 manata ev tapmaq demək olar ki, mümkün deyil. Halbuki burada bir neçə universitet yerləşir və bütün tələbələrin yataqxanada qalmaq imkanı yoxdur".

Tələbənin sözlərinə görə, yüksək qiymətlər səbəbindən tələbələr mənzil xərclərini bölüşmək üçün bir neçə nəfərlə birlikdə yaşamağa üstünlük verirlər. Hazırda Elmlər ərazisində üç qızın birlikdə 650 manatlıq mənzildə qaldığı bildirilir. Belə şəraitdə kirayə haqqı bölüşülsə də, evdə şəxsi məkanın məhdud olması və bir neçə nəfərin eyni mənzildə yaşaması əlavə narahatlıqlar yaradır.

Bəzi tələbələr isə daha münasib qiymətə ev tapmaq üçün universitetlərdən uzaq ərazilərə üz tuturlar. Onlar əsasən həyət evlərinin ayrıca mərtəbələrini və ya kiçik fərdi evləri kirayələyirlər. Bu ərazilərdə qiymətlər adambaşına təxminən 200-250 manat arasında dəyişir.

Lakin daha ucuz kirayə seçimi də tələbələr üçün bütün problemləri həll etmir. Tələbələr ev sahiblərinin yaşayışlarına tez-tez müdaxilə etməsindən və onları müxtəlif məsələlərlə bağlı narahat etməsindən şikayətlənirlər.

Universitetdən uzaqda yaşayan tələbələr üçün digər əsas məsələ isə nəqliyyatdır. Xüsusilə metro stansiyalarında yaranan problemlər və bəzi istiqamətlərdə metro xidmətindən istifadə imkanının məhdudlaşması onların universitetə gedib-gəlməsini çətinləşdirir. Bu halda tələbələr avtobus və digər nəqliyyat vasitələrindən istifadə etməli, nəticədə həm yolda daha çox vaxt keçirməli, həm də əlavə nəqliyyat xərcləri çəkməli olurlar.

Kirayə xərclərinin yüksək olması bəzi tələbələri təhsilləri ilə yanaşı işləməyə də məcbur edir. Tələbələr bildirirlər ki, xərclərini qarşılamaq üçün iş axtarsalar da, tapdıqları işlərdə əməkhaqqı çox vaxt kirayə və digər gündəlik xərcləri ödəməyə kifayət etmir. Bu isə onların həm maddi yükünü artırır, həm də təhsillə iş arasında vaxt bölgüsünü çətinləşdirir.

Tələbələr bildirirlər ki, kirayə ev seçərkən yalnız mənzilin qiymətini deyil, universitetə məsafəni və həmin ərazidən nəqliyyat imkanlarını da nəzərə almağa məcburdurlar. Daha ucuz ev seçimi isə bəzi hallarda yol məsafəsinin və gündəlik nəqliyyat xərclərinin artmasına səbəb olur.

Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli QHT.az-a bildirib ki, Azərbaycanda fəaliyyət göstərən universitetlərin əksəriyyətinin yataqxana problemi mövcuddur:

Azərbaycanda fəaliyyət göstərən universitetlərin demək olar ki, əksəriyyətinin yataqxanaları yoxdur. Bu sahədə təkcə Gəncədə yerləşən Aqrar Universiteti, bir də Xarici Tələbə Məktəbinin bu məsələ ilə bağlı problemi qismən həll olunmuş sayıla bilər.

M.Məmmədli sözlərinə görə, bəzi universitetlərin yataqxana imkanları olsa da, onlar tələbələrin tələbatını tam qarşılamır:

Digər universitetlər var ki, onların yataqxana imkanları çox məhduddur. Belə deyək, böyük şəhərciyi, tələbə şəhərciyi olan Pedqoji Universitet, Texniki Universitet, İnşaat Mühəndisləri Universiteti və deməli, Bakı Dövlət Universitetinin bugün yataqxanalarda məskunlaşan şəxslər, desək, məcburi köçkünlərdir.

Müsahibimiz vurğulayıb ki, məcburi köçkünlərin yataqxanalardan çıxarılmasından sonra həmin ərazilərdə müəyyən işlərin görülməsinə ehtiyac var:

Bunlar yerli oradan çıxarılandan sonra artıq o yerlərdə müəyyən işlər aparılmalıdır. Ancaq çox təəssüf var olsun ki, bu istiqamətdə hələ bir iş görülməyib.

Məzahir Məmmədli qeyd edib ki, tələbələrin, xüsusilə oğlan tələbələrin kirayə mənzil tapmaqda çətinlik çəkməsi mənzil bazarında narazılıq yaradıb:

Ancaq ali təhsil müəssisələrinin bugün, belə deyək, qəbul olunmuş, xüsusilə oğlan tələbələrə kirayələrin verilməməsi artıq o mənzil kirayə bazarında bir qədər, belə deyək, ciddi narazılıq yaradıb.

M.Məmmədli bildirib ki, ev sahiblərinin oğlan tələbələrə mənzil vermək istəməməsinin əsas səbəblərindən biri qonşuların şikayətləridir:

Çünki bu işdə daha çox, deyək ki, evlərini kirayə verən şəxslər oğlan uşaqlarının müəyyən qədər səs-küyü olmasından, qonşulardan olan şikayətlərə görə bu addımı atırlar.

Müsahibimiz problemin həlli üçün tələbələrə müəyyən güzəştlərin tətbiq oluna biləcəyini vurğulayıb:

“O ki qaldı, onların haqqında nə tədbirlər görülə bilər? Əlbəttə ki, bu məsələ ilə bağlı müəyyən güzəştlər tətbiq oluna bilər ki, burada deyək ki, universitetlər hələ ki, özlərinə yataqxana tikə bilməyiblər”. Tələbələrə müəyyən endirimlər haqqında güzəştlər eləyə bilərlər.

Zəhra Mansırova