"15 sentyabr – Bilik Günü münasibətilə bütün müəllim və şagird heyətini ürəkdən təbrik edirəm. 124 min birinci sinif şagirdinə qarşıdakı 11 il ərzində əzmli olmağı, can sağlığı və gələcək həyatlarına tam şəkildə hazırlaşmağı arzulayıram".
Bu fikirləri Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında bildirib.
O qeyd edib ki, Bilik Günü yalnız məktəbə başlamaq və məcburi təhsil sistemi ilə bağlı deyil. Onun sözlərinə görə, məktəb illəri insan həyatında və gələcək seçimlərində mühüm rol oynayır.
Z.Nuriyeva şagirdlərə gələcək seçimlərində qərarlı və aydın düşüncəli olmağı, ixtisas və peşə seçimlərinə məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Sədr bildirib ki, şagirdlərin düzgün istiqamət seçməsində müəllimlərin münasibəti də mühüm əhəmiyyət daşıyır. O, müəllimləri uşaqlara və şagirdlərə münasibətdə səbirli və təmkinli olmağa, hər bir şagirdə fərdi yanaşmağa çağırıb.
Z.Nuriyevanın sözlərinə görə, tədris ilinin başlanma tarixindən asılı olmayaraq, təhsil diqqət yetirilməli əsas sahələrdən biridir. O, elmə, təhsilə və tədrisə xüsusi diqqət göstərilməsinin vacibliyini vurğulayıb:
“Cəmiyyətin inkişafı məhz bu sahələrin üzərində qurulur”.
Sədr rəqəmsallaşan dünyada uşaqların və şagirdlərin rəqəmsal resurslardan düzgün istifadə etməsinin, həmin resurslara çıxış imkanlarının artırılmasının və onların özünüinkişafına şərait yaradılmasının vacib olduğunu bildirib. O, həmçinin şagirdlərin özgüvəninin artırılması istiqamətində işlərin aparılmasının əhəmiyyətini qeyd edib.
Z.Nuriyeva məktəblərdə şagirdlərin psixoloji və emosional vəziyyətinə də xüsusi diqqət yetirilməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, şagirdlərin dərslərə daha yaxşı və diqqətli yanaşmasına dəstək göstərilməlidir.
O bildirib ki, təhsil yalnız dərs müddəti ilə məhdudlaşmır və məktəb illəri insanın gələcək həyat yolunun formalaşmasında mühüm rol oynayır:
“Dərs, təhsil təkcə 45 dəqiqəlik zaman kəsiyi deyil. Orada insanın gələcək taleyinin, həyat yolunun əsası formalaşır. Ona görə də bu vaxt həm müəllim, həm də şagird tərəfindən səmərəli dəyərləndirilməlidir”.
Z.Nuriyevanın sözlərinə görə, builki ali təhsil qəbullarının nəticələri şagirdlərin bilik və savad səviyyəsinin yüksəldiyini göstərir. O qeyd edib ki, bu il şagirdlər yüksək nəticələrlə yerli və beynəlxalq universitetlərə qəbul olunublar.
Sədr şagirdlərə məktəb illərini səmərəli dəyərləndirməyi, keyfiyyətli təhsil almağı, sağlamlıqlarına diqqət yetirməyi və öz üzərlərində çalışmağı tövsiyə edib. O bildirib ki, sürətlə inkişaf edən dünyaya inteqrasiyanın əsas yollarından biri təhsildən keçir.
Zülfiyyə Nuriyeva ölkənin təhsil sisteminə uğurlar arzulayıb və gələcək məzunların daha yüksək nəticələr əldə edərək dünyanın nüfuzlu universitetlərinə qəbul olunmasını diləyib.
Fatimə Nəbiyeva






