"Azərbaycanın humanitar diplomatiyası geniş arealı və coğrafiyanı əhatə edir. Ölkəmiz həm işğaldan azad olunan ərazilərdə, həm də xarici ölkələrdə humanitar missiyanı uğurla həyata keçirir, münaqişədən əziyyət çəkən ölkələrə, qaçqınlara yardım və reabilitasiya proqramları həyata keçirir. Yaxın Şərq və Afrika ölkələrində, Suriyada, Qəzzada və Ukraynada olan qaçqınlar üçün davamlı yardım proqramları həyata keçirir".

Bu fikirləri “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin sədri Vüqar Əhmədov QHT.az-a açıqlamasında bildirib.

V. Əhmədovun sözlərinə görə, humanitar diplomatiya və beynəlxalq yardım proqramları mühüm yumşaq güc alətləridir:

"Humanitar diplomatiya və beynəlxalq yardım proqramları böyük dövlətlərin hər zaman yumşaq güc alətləri olmuşdur. Xüsusən aktiv münaqişələr və müharibələr zamanı humanitar missiyanın aktuallığı getdikcə artır".

Vüqar Əhmədov bildirib ki, Azərbaycanın humanitar yardım və sülhyaratma sahəsində geniş təcrübəsi var:

"Azərbaycanın bu sahədə, xüsusən sülhyaratma missiyasında təcrübəsi genişdir və ölkəmiz xarici ölkələrdə artıq geniş humanitar yardım proqramları həyata keçirir. Beynəlxalq İnkişafa Yardım Agentliyi bu mənada Azərbaycanın xarici ölkələrdə maraqlarının qorunması baxımından önəmli yardım və inkişaf proqramları həyata keçirir".

Sədr vurğulayıb ki, bu fəaliyyətlər Azərbaycanın qlobal nüfuzunun artmasına və beynəlxalq etimadın güclənməsinə xidmət edir: "Şübhəsiz ki, bütün bunlar dövlətimizin qlobal nüfuzunun artması baxımından çox önəmlidir. Bu, onu göstərir ki, ölkəmizə etimad getdikcə artır və beynəlxalq tərəfdaşlığımız güclənir".

V. Əhmədov qeyd edib ki, Azərbaycanın humanitar fəaliyyəti beynəlxalq hüquq və sülhyaratma prinsiplərinə sadiqliyini nümayiş etdirir:

"Bu fəaliyyətləri həyata keçirməklə ölkəmiz beynəlxalq hüquqa, humanitar əməkdaşlığa və sülhyaratma prinsiplərinə sadiqliyini bir daha nümayiş etdirir. Məhz bu fəaliyyətdən irəli gələrək beynəlxalq humanitar fəaliyyətlərdə və sülhyaratma prosesində Azərbaycanın təcrübəsinə və fəaliyyətinə diqqət getdikcə artır. Bu isə ölkəmizin gələcəkdə bu sahədə geniş uğur qazanacağından xəbər verir".

Sədr bildirib ki, Azərbaycan artıq BMT-nin bir sıra missiyalarını müstəqil şəkildə həyata keçirmək imkanına malikdir.

Fatimə Nəbiyeva