Təxminən 1 milyon insanın iştirak etdiyi genişmiqyaslı araşdırma çox isti qəhvə və çay içməyin qida borusu xərçəngi riskini əhəmiyyətli dərəcədə artıra biləcəyini göstərib.

QHT.az xarici mediaya istinadən bildirir ki, Böyük Britaniyada aparılan və çərşənbə axşamı International Journal of Cancer jurnalında dərc olunan araşdırmaya görə, içkiləri isti deyil, çox isti qəbul edənlərdə qida borusu xərçənginin ən geniş yayılmış növü olan yastıhüceyrəli karsinoma (SCC) riski üç dəfədən çox yüksəkdir.

Qida borusu ağızdan mədəyə qida və içkiləri daşıyan əzələvi borudur. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2020-ci ildə dünyada təxminən 604 min yeni qida borusu xərçəngi hadisəsi qeydə alınıb və 544 min insan bu xəstəlikdən ölüb. 2040-cı ilədək yeni halların təxminən 1 milyona çatacağı proqnozlaşdırılır.

Oksford Universitetinin alimləri təxminən 980 min orta yaşlı insanın məlumatlarını araşdırıblar. İştirakçılardan isti içkiləri “çox isti”, “isti” və ya “ilıq” qəbul etdikləri, həmçinin gündə neçə fincan içdikləri soruşulub.

Orta hesabla 11–14 illik müşahidə müddətində 2 348 qida borusu xərçəngi hadisəsi qeydə alınıb. İştirakçıların təxminən 15 faizi içkilərini çox isti içməyi üstün tutub, demək olar ki, yarısı isə gündə altı və ya daha çox isti içki qəbul edib.

Nəticələr göstərib ki, içkilərini isti sevənlərdə qida borusu SCC riski ilıq içki seçənlərlə müqayisədə təxminən iki dəfə, çox isti içənlərdə isə üç dəfədən çox yüksəkdir.

İçkinin miqdarı da riskə təsir edib. Gündə altı və ya daha çox isti içki qəbul edənlərdə altıdan az içki içənlərlə müqayisədə risk 71 faiz daha yüksək olub.

Araşdırmanın müəllifi Keren Papier bildirib ki, nəticələr çox isti və isti içkilərin bu xərçəng növünün riskini artıra biləcəyinə dair mövcud sübutları gücləndirir.

Bununla belə, London Queen Mary Universitetinin professoru Muy-Teck Teh nəticələrin iştirakçıların içki temperaturunu özlərinin qiymətləndirməsinə əsaslandığını və bunun səbəb-nəticə əlaqəsini tam sübut etmədiyini vurğulayıb.

Mütəxəssislər qeyd edirlər ki, siqaret çəkmək hələ də bu xərçəng növü üçün əsas risk faktorudur. Alkoqol istifadəsi və qapalı məkanlarda hava çirkliliyi də riskə təsir edən amillər arasında göstərilir.

Zəhra Mansırova